EN

Prezident seçkiləri dolları və səhmləri bahalaşdırdı

Trampın iqtisadi hədəfləri qlobal iqtisadiyyat üçün dəyişikliklər vəd edir

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi cəmi bir neçə saat sonra həm bu ölkənin özünün, həm də ümumilikdə, qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələlxüsus da birjalarda öz siqnallarını verib. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri əvvəlki günlərlə müqayisədə 2-5 faiz artımlar nümayiş etdirib. Maliyyə bazarında kriptovalyutaların qiymət sıçrayışları daha həyəcanverici olub, rəqəmsal valyutaların indeksləri 4-5 faiz artmaqla maliyyə seqmentlərində son ayların ən yüksək artımını qeydə aldırıb. Xüsusilə də, bitcoinlərin tranzaksiyaları sürətlə dövr edib, bu elektron pulun qiyməti birja tarixində ilk dəfə olaraq 75 min dollara yüksəlib. Həmçinin, ABŞ bondlarında 4,5 faiz artımlar baş verib. Aparıcı “S&P 500” indeksi əhəmiyyətli dəyər qazanıb.

Seçkilər ABŞ-ın pul-valyuta bazarına da təsirsiz ötüşməyib. Dollar digər valyutalarla nisbətdə 2,2 faiz güclənib. Eləcə də ABŞ birjalarında baş verən pozitiv dəyişikliklər digər aparıcı ölkələrin fond birjalarına və bazarlarında volatilliyə də səbəb olub. İlk təsirlər Avrozonada hiss edilib, avro dollara nisbətən 2 faiz ucuzlaşıb və noyabrın 7-də eyni kurs qalmaqda davam edib. Eləcə də Asiya və Avropanın fond indekslərində də hərəkətlilik baş verib.

Avropa və digər regionlarda gözləntilər...

ABŞ-ın yeni iqtisadi siyasətində müasir sənaye innovasiyalarına, “rəqəmsal iqtisadiyyat” liderlərinə dəstək veriləcəyi də şübhə doğurmur, bu istiqamətdə qlobal maliyyə mühəndisləri üçün yeni potensial imkanların genişlənəcəyi də istisna deyil. Xüsusilə də, “yaşıl maliyyə” investorlarının bazarda yeni dəyərlər yaratması üçün liberal iqtisadi qərarların alınacağı, “Tesla” və digər karbon emissiyalarına qarşı sənaye siyasəti yürüdən şirkətlərin qlobal bazar üstünlüyünün artacağı ehtimal edilir. Bu xüsusda dünyanın ən böyük investorlarından biri olan Elon Maskın elektromobil, “yaşıl sənaye” layihələrinin dünya bazarında daha ön plana çıxacağını da gözləmək mümkündür.

Beynəlxalq maliyyə bazarının iri təmsilçiləri və investorlar Trampın ikinci prezidentlik dönəmində bir sıra radikal iqtisadi qərarların qəbul ediləcəyini fərz edirlər. İlk növbədə, ABŞ-ın iqtisadi siyasətində “ilk növbədə Amerika” prinsipinin əsas götürüləcəyi və iqtisadi-sosial, investisiya üzrə tədbirlərin həyata keçirilməsində bu ölkənin öz maraqlarının daha ön plana çıxarılacağı gözlənilir. Belə ki, Bayden hökuməti daha çox regional iqtisadi siyasətə yer verərək başqa coğrafiyalarda maliyyə-investisiya təşəbbüslərini irəlilətməyə çalışırdı ki, bu, əksər hallarda yerli investorların rəqabət imkanlarını məhdudlaşdırırdı. Bu prosesin nəticəsidir ki, ABŞ-da investorların yerli sektorlara sərmayələri azalıb, sənaye və maliyyə seqmentlərində iqtisadi aktivlik yavaşıyıb, işgüzar mühit zəifləyib və ölkədə tələb xeyli dərəcədə aşağı düşüb. Məhz bu baxımdan Trampın milli iqtisadi proqramlar çərçivəsində investorlar üçün yeni pəncərələr açacağına ümidlər daha böyükdür.

Amerikanın maliyyə holdinqləri və səhmdarları artıq bu ssenarilər üzrə planlarını nizamlayaraq daxili bazara yönəlik investisiya siyasətlərində korrektələr etmək barədə düşünürlər. Onların nikbinliyini artıran əsas fundamental amillərdən biri Trampın seçkilərdən sonra verdiyi ilk mesajlarda əvvəlki iqtisadi kurs üzrə liberal islahatlara xüsusi üstünlük verəcəyi, birinci prezidentlik dövründəki iqtisadi siyasət tədbirlərini genişləndirəcəyi barədə nəzərə çarpan fikirlərdir.

Vaşinqtonun Türkiyə ilə iqtisadi təmasları güclənə bilər...

Amerikanın iqtisadi siyasətində Avropa ilə ənənəvi münasibətlərin saxlanılacağı sirr deyil, ancaq bu ölkə dominant iqtisadi güc maraqlarını möhkəmləndirməklə Avrozonanın maliyyə sektorlarında dəyişkənlik yarada bilər. Xüsusilə də Bayden hakimiyyəti dövründə avro ilə rəqabətdə ucuzlaşan dolların yenidən dünya valyutası kimi dəyərinin üstün mövqeyə yüksələcəyi gözləniləndir.

ABŞ-ın Rusiya ilə münasibətlərində müəyyən yumşalmaların baş verəcəyi ehtimal edilir ki, bu, MDB və yaxın coğrafiyalarda iqtisadi proseslərə də ciddi təsir göstərə bilər. Xüsusilə də, Rusiya iqtisadiyyatına qarşı qlobal təzyiqlərin, bu ölkəyə qarşı silah kimi istifadə edilən dollar təhdidlərinin azalması fonunda maliyyə sabitliyi və iqtisadi imkanların yaxşılaşmasını gözləmək olar ki, bu da böyük bir iqtisadi zonada canlanmanı də hərəkətə gətirə bilər. Eləcə də, Türkiyənin ABŞ ilə əvvəlki yaxın münasibətlərinin bərpa olunması ehtimalı güclüdür. Bayden administrasiyasının Ankaraya qarşı manipulyativ iqtisadi qərarları, qardaş ölkənin Qara dənizdə və Kiprin şimalında aşkar etdiyi qaz və neft yataqlarında apardığı geoloji kəşfiyyat işlərinə Vaşinqtonun narahatlıq notları və digər məsələlər Türkiyə ilə Amerika arasında iqtisadi əməkdaşlığın ruhunu zəiflətdi. Ancaq Trampın ilk prezidentliyi dövründə iqtisadi təmaslar daha böyük idi və bu proseslər bilavasitə regionda çoxşaxəli iqtisadi inteqrasiyanı da gücləndirmişdi. Ona görə də, yeni hakimiyyət komandasının ABŞ-Türkiyə münasibətlərinə müsbət təsirlərini fərz etmək mümkündür.

Azərbaycan-ABŞ münasibətləri üçün yeni imkanlar...

ABŞ Azərbaycanın yaxın enerji müttəfiqlərindən biridir və Qərbə nəql edilən karbohidrogen resurslarının şaxələnməsində dəstəkləyici mövqeyini nümayiş etdirib. Trampın birinci hakimiyyəti illərində ABŞ şirkətlərinin ölkəmizin enerji sektoruna sərmayə yatırımları da ümidverici olub, digər sahələrdə ABŞ Ticarət Palatasının təşviqedici rolu ilə sərmayələrin axını baş verib. Vaşinqtonun 2021-ci ildən sonrakı siyasətində müəyyən natarazlıqlar səbəbindən iqtisadi proqramlardakı hərarət sabit qalıb. Azərbaycanın ümumi iqtisadi-ticari dövriyyəsinin balansında ABŞ-ın payı 2019-cu ild 2,3 faiz təşkil edibsə, 2023-cü ildə bu göstərici 1,7 faizə bərabər olub.

Trampın prezident seçilməsinin Azərbaycan-ABŞ münasibətlərinin qarşılıqlı hörmət və bərabər əməkdaşlıq ruhunda aparılacağı mümkündür. Azərbaycan regionun iqtisadi güc mərkəzi və Qərbin etibarlı və sadiq enerji partnyoru kimi bütün dövlətlərlə faydalı əməkdaşlıq və hörmət prinsipləri çərçivəsində münasibətlərini gücləndirməkdədir. Ölkəmiz son dövrlərdə yeni iqtisadi və nəqliyyat-tranzit təşəbbüsləri ilə diqqəti cəlb edir, “yaşıl enerji” strategiyası üzrə ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq edir. Bu baxımdan rəqəmsal sənaye və “yaşıl inkişaf” hədəflərinə xüsusi önəm verən ABŞ-la Azərbaycanın iqtisadi münasibətlərinin gündəliyi və keyfiyyətinin də artacağını istisna etmək olmaz.

E.CƏFƏRLİ

Chosen
34
50
yeniazerbaycan.com

10Sources