EN

Lazımi anda qazanılan QƏLƏBƏ

“Qarabağ”, nəhayət, Avropa Liqasının əsas mərhələsində ilk qalibiyyətini əldə edib. “Bodo Qlimt” üzərində səfər qələbəsi (2:1) pley-offa vəsiqə uğrunda mübarizə baxımından böyük əhəmiyyət kəsb edə bilər. Amma əsas odur ki, ağdamlılar növbəti avrokubok görüşlərinə tamam başqa psixoloji vəziyyətdə çıxacaqlar.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Norveçdə nəticə üçün oynaya bilib. Bəli, oyunun bəzi elementləri alınmadı, müdafiə hələ də suallar doğursa da, qonaqlar şanslarını dəyərləndirib onları qola çevirə bildilər.

Komandanın əvvəlki görüşlərdə çatışmayan cəhəti də bu idi. Üstəlik, hər qol, xüsusən də turnirin ən gözəl qollarından birinə iddialı olan Toral Bayramovun zərbəsi gözəl alındı.

Əlbəttə ki, şimal ölkələrində payızın sonundakı matçların öz xüsusiyyətləri var. Amma "Qarabağ" bir il əvvəl "Molde" ilə səfər oyununda da belə hava şəraiti ilə üzləşmişdi. Belə görüşlərdə həm avrokubok təcrübəsi, həm də ayrı-ayrı oyunçuların ustalığı ön plana çıxır. Təcrübə baxımından ağdamlıları təbii ki, “Bodo-Qlimt” ötüb və mətbuat konfransında Qurban Qurbanov Norveç klub futbolunun inkişafını əbəs yerə qeyd etməyib.

Eyni zamanda, ağdamlılar Norveçdə də azarkeş dəstəyini hiss ediblər. Bostondan azarkeşlərinin gəlməsi həm klubun futbolçularını, həm də məşqçini çox təsirləndirib.

Uğur, əlbəttə ki, lazımi anda gəldi - xüsusən də hər bir azərbaycanlı üçün xüsusi tarixi - Qələbə Gününü nəzərə alsaq. Bütün bunlar “Qarabağ”ın istədiyinə nail olduğu matç üçün xüsusi emosional fon yaratdı.

Qazanılan 3 xal "Qarabağ"ın turnir cədvəlində xeyli yüksəlməsinə imkan verib. Azərbaycan çempionunu 24-cü pillədən yalnız bir xal ayırır. Bu o deməkdir ki, pley-offa vəsiqə uğrunda mübarizə qızışır.

Zəki Feyzullayev
İdman.biz

Chosen
24
idman.biz

1Sources