EN

Necə ki, 30 il Qarabağı unutdurmadıq, qələbəmizi də yaşatmalıyıq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubra Məhərrəmova yazır...
Həyat elə şeydir ki, adam çətin gününü tez unudur, yaxşı şeyə tez öyrəşir. Amma pis günləri unutmamağa çalışmalıyıq. Məsələn, dörd il əvvəl bütün məclislərdə, ad günlərində, toyda-nişanda bütün sağlıqlar Qarabağ üçün deyilirdi. Hər bayramda "gələn bayramı Qarabağda keçirək" deyirdik.
Ötən 30 ildə hər kəs qarabağlı idi.
Elə ölkənin dörd tərəfindən Qarabağa döyüşməyə gələn insanlar da buna sübutdur. Şəhid olanlar da, qazi olanlar da, qəhrəman olanlar da.
O günlərdə bir gəncin videomüraciəti qarşıma çıxdı. Deyirdi ki, "bu həftə qazilərin həftəsidir. Hamı çağırır, hamı tədbirlərə dəvət edir".
Həqiqətən də, belədir! Zəfər Günü ən yüksək səviyyədə qeyd edilir, tədbirlər keçirilir və qazilər, şəhidlərin yaxınları dəvət olunur. Amma həftə bitir, sanki hər şey yaddan çıxır.
Sanki cəmiyyət özü də buna öyrəşib. Zəfər, qələbə adiləşib. Şuşa, Ağdam, Kəlbəcər, Qarabağ elə bil 30 il erməni işğalında olmayıb. Sanki minlərlə cavan, yaşlı, qadın, kişi, uşaq bu mübarizədə qurban getməyib. Sanki elə-belə baş verib hər şey...
Dünənə kimi "hünərin var, düş Xankəndiyə", "Xankəndidə ermənilər at oynadırlar" deyən, Xankəndini ali rəhbərlikdən tələb edən insanlarımız bu gün Qarabağ Universitetində təhsil alan tələbələrə lağ edirlər.
Ay filan mahnıya oynadılar, filan yeməyi yedilər...
Nə etməlidir ki, universitet tələbəsi? Əyninə kostyum geyinib qoltuğunda qovluqla gəzməlidir? Nədir cəmiyyətimizin hər şeyə, hər kəsə mız qoyma vərdişi?
Yəni həqiqətənmi Xankəndinin mahiyyəti, orada yaradılan universitetin anlamı, orada təhsil alan tələbələrin hansı mətləblərdən xəbər verdiyini anlamırıq?
Yəni həqiqətənmi ətrafımızda nələrin baş verdiyini dərk etmirik?
Bu gün müəyyən qüvvələr yenə də və yaxud hələ də Azərbaycanın üstünə "etnik təmizləmə" damğasını israrla basmağa çalışırlar. Ölkə xaricində Qərbi Azərbaycan işi kifayət qədər məntiqlə, təmkinlə aparılır. Necə ki, 30 il Qarabağ işi aparıldı. Əminəm ki, qısa müddət ərzində Qərbi azərbaycanlılar da öz tarixi vətənlərinə qayıdacaq və Göyçəni bağırlarına basacaqlar.
Mənim dərdim özümüzlədir, içimizlədir. Nədir bizim dərdimiz?
Bu qədər bədniyabət olmağımız nədən qaynaqlanır?
Deyirsən, sabah Zəfər Günüdür, qayıdır ki, mənə nə? Yaxşı, əgər sənə bir isti-soyuğu yox idisə, illərdir "Qarabağı veriblər, gedib" niyə deyirdin?
O zaman o məsələnin sənə nə aidiyyəti var idi?
Deməli belə çıxır ki, deyinən qövmün əksəriyyəti elə deyinmək, özünü "baxın, mən xalqın dərdini çəkirəm" kimi göstərməkdir.
Sual olunur, xalqın sevincinə niyə şərik ola bilmirsən ki?
44 günlük cəhənnəmin içindən sağ çıxıb, evinə, ailəsinə, anasına, övladına qayıdan insana görə niyə sevinməyəsən?
Müharibədə həyatını itirmək mənim üçün ən böyük dərddir. Nə qədər şərəfli, yüksək amal olsa da, böyük dərddir. Həmişə də, bu 44 gün ərzində şəhid olanların ölüm tarixlərinə baxanda bir düşüncə məni incidir.
İlk növbədə müharibənin ilk günlərində şəhid olanları düşünürəm. Onlar heç bilmədilər ki, onların döyüş yoldaşları qalib gələcək, keçilməz "Ohanyan" səddini keçəcək, bayrağımızı Şuşada, Füzulidə, Ağdamda dalğalandıracaqlar. Ürəklərində nə xiffətlə getdilər, bir Allah bilir...
İkincisi isə müharibənin son günlərində şəhid olanları düşünürəm. Sanki onların ölüm tarixlərinə nəzər salanda demək istəyirsən ki, "a bala, ikicə gün özünü qoruya bilmədin.." iki-üç günə hər şey bitəcək, işğalçı kapitulyasiya sənədinə imza atacaq.
Amma hələ ki, onların heç nədən xəbəri yoxdur. Gəncə, Tərtər, Bərdə raket hücumuna məruz qalır, uşaqlar döyüşür, başlarının üstündə tonlarla mərmi, güllə uçuşur, hər addımın altında isə mina. Hər gün isə bir neçə döyüş yoldaşını itirir.
Bəyənmədiyimiz, mız qoyduğumuz dar, cırıq-cırıq şalvarlı gənclər isə əlinə keçəni cəbhəyə daşıyır. "Bizi hələ ki, döyüşə aparmırlar, amma biz kənarda qalmaq istəmirik" deyərək az qala bütün Azərbaycandan gələn nemətləri elə mərmi altından keçərək döyüşən qardaşlarına çatdırırlar.
Paytaxtda, digər bölgələrdə, ölkədən kənarda çalışan həkimlər, cərrahlar, tibb işçiləri döyüş bölgəsinə könüllü yollanaraq, həyatlarını riskə atıb yaralılara yardım edirlər. Günlərlə yatmayan tibb bacıları yaralıların qulluğunda dururlar.
Axı bu qələbədə minlərlə gizli qəhrəmanlar da var ki, adları, soyadları heç yerdə, heç bir siyahıda yoxdur. Heç demirlər də.
Bu qədər sınaqdan keçdikdən sonra biz nə vaxt, necə belə sayğısız olduq qələbəmizə?
Biz nə vaxt laqeyd qaldıq bu boyda tarixi hadisəyə? Əsrlər boyu ancaq torpaq, ərazi itirən xalq olaraq bu boyda hadisəni necə cılızlaşdıra bildik?
Necə ola bilər ki, ən böyük dərdimizin öhdəsindən gəldik, amma bu xasiyyətimizi dəyişə bilmədik?!
Bir dəfə yazmışdım ki, düşmənlə düşmən kimi davranmaq lazımdır.
Bu gün də əlavə edirəm ki, içimizdəki mərdimazarla da elə onların dilində danışmaq lazımdır. "Zəfər Günündən mənə nə var?" deyəndə, cavabını verib yerində oturtmaq lazımdır.
Necə ki, 30 il Qarabağı unutdurmadıq, bundan sonra da bu qələbənin qiymətini unutdurmamalıyıq.
Bu zəfəri heç kim, bizə məcməyidə, qızıl sinədə gətirib verməyib. Qan töküb, can verib almışıq.
Bu zəfərin dəyərini övladını Vətənə pay verən ata-ana bilir, bu qələbənin qiymətini heç vaxt atasının üzünü görməyən, artıq 3-4 yaşı olan balalar bilir...
Bu başucalığının əvəzini ömür boyu qardaş dağı çəkən bacılar ödəyir. Bu zəfərin dəyərini bir daha heç vaxt həyat yoldaşının üzünü görməyən gəlinbacılar bilir...
Hər dəfə anım, zəfər günlərində, bayramlarda qırmızı bəzənmiş qara mərməri oxşayan qadınlar bilir ki, qələbə nədir...
Zəfər Günü onların qarşısında təzim edəcəyimiz gündür. Gəlin bu günün mahiyyətini özümüzdə düzgün aşılayaq. Düzgün tərbiyə verək cəmiyyətə, anladaq. Çünki bu, bizim Şəhidlər xiyabanında yatan hər bir şəhidin qarşısında olan borcumuzdur. Onların həyatı bahasına əldə olunan zəfər müqəddəsdir, əbədidir.
Vətən uğrunda canından keçən hər bir kəsin ruhu qarşısında böyük ehtiramla təzim edirəm. Allah rəhmət eləsin!
Chosen
94
50
oxu.az

10Sources