1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Vətən müharibəsinin 38-ci günündə Ordumuz döyüş əməliyyatlarının ən vacib və çətin tapşırığının icrasına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna Qarabağın göz bəbəyi sayılan Şuşanın işğalçılardan azad olunması əmrini vermişdi. Beləliklə, qəhrəman əsgər və zabitlərimiz İkinci Qarabağ müharibəsinin pik - Zirvə nöqtəsi olan Şuşa döyüşlərinə başladı. Nəticədə, noyabrın 8-də Silahlı Qüvvələrimiz Şuşa şəhərini düşmən tapdağından xilas etdi.
Şuşanın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə Müdafiə Nazirliyi strateji əhəmiyyətə malik olan, ağır döyüşlərin getdiyi şəhər ətrafındakı yüksəkliklərə mediatur təşkil edib.
AZƏRTAC-ın əməkdaşları mediatur çərçivəsində Şuşada hərbi qulluqçularla həmsöhbət olublar.
Şuşanın işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri deyib ki, Vətən müharibəsi zamanı düşmən üzərində bir neçə istiqamətdə hücum baş tutdu. Hücumu inkişaf etdirən qoşunlarımız Şuşa istiqamətində bir neçə əlverişli hədəflərə çıxmağa nail oldular. Əməliyyat planına uyğun şəkildə qoşunlarımız Şuşa ətrafında dayaq məntəqələri yaradaraq Laçın-Şuşa yolunu nəzarət altında saxlamağa, növbəti döyüş tapşırıqlarının icrası üçün hazırlıq tədbirlərini yerinə yetirdilər. Eyni zamanda, Şuşa istiqamətində əlavə qüvvələri cəlb etməyə çalışan və itirdiyi mövqeləri geri qaytarmaq istəyən düşmənin əks-hücumları uğurla dəf edildi.
Şuşa şəhərinin ərazi baxımından yüksəklikdə yerləşməsi və hava şəraitinin qeyri-sabit keçməsi əməliyyatın aparılmasını daha da çətinləşdirirdi. Lakin Ordumuz məqsədinə çatmaq üçün dayanmadan irəliləyirdi.
Digər müsahibimiz həmin günlərdə düşmən qüvvələrinin bölmələrimizin şəhərə daxil olmasına əngəl törətdiyini bildirib: "Gorus istiqamətindən artilleriya atəşləri ilə maneə törədilirdi ki, şəxsi heyətimiz, texnikalarımız şəhərə daxil ola bilməsin. Qarabağın baş tacı olan Şuşa şəhəri otuz ilə yaxın idi ki, düşmənin işğalı altındaydı. Təbii ki, biz hərbçilərə havanın hansı şəraitdə olması önəmli deyildi. Tapşırıq o idi ki, Şuşa şəhəri düşmən tapdağından azad olunsun".
Beləliklə, Şuşa şəhərinin azad olunması əməliyyatlarına noyabrın 3-də start verildi. Ordumuz üç istiqamətdən hücuma başladı. Onlardan birində düşmən yüksəkliklərdə əlverişli şəraitdə mövqelənsə də, ordumuzun uğurlu döyüş taktikası və qətiyyəti nəticəsində Şuşa şəhəri noyabrın 8-də işğalçılardan tamamilə təmizləndi.
Şuşa döyüşlərində əlverişli yüksəkliklərdə yerləşən erməni silahlı bölmələrinin məhv edilməsində artilleriya və raket qurğularından istifadə edildi.
Həmin döyüşlərdə artilleriya bölmələrinin də mühüm əhəmiyyətindən danışan hərbi qulluqçulardan biri deyib: "Şuşa şəhəri mühasirəyə alındıqdan sonra bütün qüvvələr şəhərin işğaldan azad olunması üçün plan qurmağa başlayanda, eyni zamanda, artilleriya və raket qoşunları da hava və yerüstü kəşfiyyatımızla əlaqə yaradaraq düşmənin mövqelərini öyrənir və onlara atəş tapşırıqlarını hazırlayırdılar. Şuşa döyüşləri başlayanda artilleriya və digər qoşunlarımızın irəliləməsinə çətinlik törədən düşmən postları və mövqeləri, onun döyüş texnikası dəqiq atəşlə məhv edildi".
Artıq həmin döyüşlərdən 4 il ötməsinə və ərazi bütövlüyümüzün tamamilə bərpa edilməsinə baxmayaraq, Ordumuzun hər bir əsgər və zabiti indi də ayıq-sayıqlığını itirmir, döyüş əzmini qoruyub saxlayır.
"Mən Şuşada və yaxud da digər rayonlarda şəhid olan qardaşlarımızın, qazilərimizin valideynlərinə səslənirəm ki, onların qanı yerdə qalmadı. Bundan sonra da Ali Baş Komandan hər hansı bir əmr verərsə, biz o tapşırığı layiqincə yerinə yetirməyə daim hazırıq", - deyə Şuşa döyüşlərinin daha bir iştirakçısı vurğulayıb.
Beləliklə, Şuşa zəfəri 44 günlük müharibədə qazandığımız zəfərlər arasında xüsusi yer tutduğu üçün Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 8-i, məhz Şuşanın azad olunduğu gün Zəfər Günü bayramı kimi qeyd olunur. İllər keçsə də bu şanlı Zəfərimiz daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.