Noyabr ayının 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan ortaq mədəniyyət, soykök və tarixi əlaqələr bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini və etnik köklərini qoruması olduqca vacibdir. Bu baxımdan Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin bir təşkilat altında birləşməsi və qarşılıqlı əlaqələrini daha da möhkəmləndirməsi dünyada gedən mürəkkəb proseslərin fonunda tarixi əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, Azərbaycan dövlətinin xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib
Deputat bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbədən və suverenliyini tam bərpa etdikdən sonra regionda yaranmış olan yeni reallıq, geosiyasi vəziyyət və eləcə də dünyada baş verən mürəkkəb proseslər Türk dövlətləri arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin daha da inkişaf edib möhkəmlənməsini zərurətə çevirmişdir. Son illər bu istiqamətdə bütün sahələr üzrə strateji əhəmiyyətli sənədlərin qəbul olunması, bir sıra tədbirlərin görülməsi Türk dövlətləri arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qaldırılması istiqamətində xeyli iş görüldüyünü deməyə əsas verir. Dünyada baş verən mürəkkəb proseslər fonunda Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında münasibətlər tarixinin qızıl dövrünü yaşayır desək yanılmarıq. Üzv ölkələr arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədədir. Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın haqq işində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr sona qədər dəstək nümayiş etdiriblər. Cənab Prezidentin dediyi kimi “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır.” Qeyd etmək lazımdır ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarının azad olunmuş ərazilərdə hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzi, eləcə də tikiləcək məktəblər ölkələrimiz arasında dostluq və qardaşlığın ən yüksək səviyyədə olduğunun əyani təzahürüdür.
Millət vəkili Tamam Cəfərova xüsusilə qeyd edib ki, Türk xalqlarının birliyi naminə bütün türkdilli dövlətlər böyük əmək sərf ediblər. Bu əməyin məntiqi nəticəsidir ki, biz türkdilli dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını müşahidə edirik. Lakin əldə edilən nailiyyətlərlə yanaşı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqmaətində atılacaq bir çox addımlar var. Əminliklə deyə bilərik ki, nəticə etibarı ilə keçmişə nəzər salsaq, əldə edilən nailiyyətlərin gələcəkdə bu və digər hədəflərə çatmaqda baza rolunu oynayacaq. Millət vəkili Tamam Cəfərova belə deyib.