EN

"Pensiya yaşına çatmış həkimi bayıra atmaq olmaz" - Professor

"Regionlarda həkimlərin işləməsi üçün stimullaşdırıcı faktor olmalıdır. Ev verilməli, maaşı yüksək olmalı, kommunal şəraiti dərhal təmin edilməli, başqa kommunal xərclərdən azad olunmalıdır. Yəni, bir sıra üstünlüklər verilməlidir".

Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, rayona gedən həkim bilməlidir ki, bu cür üstünlükləri var:

"Bu, müəyyən dövr üçün çox vacibdir. İcbari tibbi sığorta yaranandan fiksə olunmuş maaş sisteminə keçməli idik. Bu, məsələnin həllinə çox kömək edəcəkdi, amma olmadı. Arxasında korporativ maraqlar dayanan işlər baş verdi və nəticədə bu istiqamətdə icbari tibbi sığortadan yararlana bilmədik. İcbari tibbi sığortanın bir hədəfi də həkimlərin peşəkarlığının artmasıdır. Hesab edirəm ki, bu işin qurulmasında yanlışlıqlar olduğundan regionlarda həkim çatışmazlığı ilə üzə-üzə qalmışıq".

Professor qeyd edib ki, pensiya yaşına çatmış həkimi bayıra atmaq olmaz: "Əgər həmin həkim əmək qabiliyyətini saxlayıbsa, təcrübəlidirsə, öz işindən məmnundursa, özü də pensiyaya getmək istəmirsə, ona hansısa formada şərait yaradılmalıdır. Ola bilər ki, çalışdığı xəstəxanada yer yoxdur və s. Onu başqa yerə köçürmək olar. Bu iş TƏBİB-in əlindədirsə, bunlara görə birbaşa məsuliyyət daşıyır. Bu cür həkimlərin işlə təmin olunmasına diqqət etmək lazımdır. Pensiya yaşına çatması o demək deyil ki, işdən azad olunsun. ABŞ-də bu gün 80 yaşlı şəxs prezident seçilir. İnsan əmək qabiliyyətini saxlayıbsa, faydalılıq əmsalı varsa, cəmiyyət onun fəaliyyətindən fayda görürsə, burada yaşın nə önəmi var? Bu əslində həkimlərə qarşı sayqısızlıqdır".

Anar Kəlbiyev

Chosen
26
3
unikal.az

4Sources