EN

“Barselona” xal fərqini 9-a çatdırdı - TURUN ŞƏRHİ

Təbii fəlakət üzündən yarımçıq olan 12-ci turda “Barselona” daha bir parlaq qələbə qazanmaqla “Real”la xal fərqini 9-a çatdırdı.

“Las Palmas”ı məğlub edən “Atletiko” isə “Vilyarreal”ın meydana çıxmamasından yararlanıb 3-cü pilləyə qayıtdı.
Barselona derbisini artıq ilk yarıdan sonra bitirmək olardı. Şəhərin eyniadlı təmsilçisinə intriqanı öldürmək üçün bundan da az vaxt bəs etdi. Artıq 31-ci dəqiqədə hesab 3:0 idi. Olmo iki, son vaxtlar əla forma yığan Rafinya isə bir dəfə fərqləndi. Qollar “göy-qırmızılar”ın möhtəşəm komanda oyununun nəticəsi idi. “Espanyol” fasiləyə ümidsiz yollandı. Təbii ki, “Barsa” fasilədən sonra tempi aşağı saldı. “Espanyol” isə axır ki bu oyunun derbi statusunu daşıdığını anladı. Nominal qonaqlar 63-cü dəqiqədə qollardan birinin əvəzini çıxa bildi. Onların daha iki qolunu isə VAR ləğv etdi. Ümumiyyətlə, “Espanyol” “quru” məğlubiyyətə layiq deyildi.

“Atletiko” da “Las Palmas”ı iki top fərqi ilə məğlub etdi. Dieqo Simeonenin kiçik oğlu Culiano 37-ci dəqiqədə hesabı açdı. Sona yaxın isə Sörlot fərqi artırdı. Kiçik Simeone qolu qeyd edərkən subasmadan əziyyət çəkən Valensiya sakinlərinə dəstəyini göstərdi. Maraqlıdı ki, ata Simeone La Liqada ilk qolunu 9-cu, oğul ilsə 8-ci oyunda vurdu. Xatırladaq ki, “Atletiko”nun baş məşqçisinin oğullarının üçü də futbolçudu. 29 yaşlı Covanni “Napoli”nin formasını geyir. Ortancıl Canluka (26 yaş) İspaniyanın 4-cü divizion klubu “Rayo Maxadaonda”nın şərəfini qoruyur. Oğulların hamısı hücumçudu.

“Sevilya” – “Real Sosyedad” oyununun nəticəsi bir qədər gözlənilməz oldu. Son turlarda böhrandan çıxması ilə bağlı təəssürat yaradan əndəlüslər “doğma divarlar” arasında acı məğlubiyyətlə üzləşdi. San-Sebastyan klubu isə öz növbəsində ötən tur evdə “Osasuna”dan aldığı məğlubiyyətin əvəzini çıxdı və sona qədər “avrokubok zonası”na vəsiqə uğrunda mübarizə aparacağını göstərdi. Oyunun axarına görə kiminsə üstün olduğunu demək çətin idi. İlk yarıda qonaqlar kreativlik baxımından seçildisə, 2-ci hissədə, xüsusən də sona yaxın meydan sahiblərinin fərqlənmək şansı daha çox idi. Ancaq basklar qol vəziyyətlərinin müəyyən hissəsini reallaşdırdısa, “Sevilya”dan Romero və İheanaço azarkeşləri üzdü. Bu iki mərkəz hücumçusu heç cür özünü göstərə bilmir. “Sevilya”nın futbolçuları oyunboyu bir dəfə də “çərçivə”yə düşmədilər ki, belədə nəinki qələbəyə, heç-heçəyə belə ümid etmək gülməli olardı. Qələbə hesabını qoruyan “Real Sosyedad” ardıcıl 3-cü səfər oyununda qapısını toxunulmaz saxladı.

Turun qalan oyunlarına gəlincə, “Valyadolid”ə qalib gələn “Osasuna” 4-cü yeri bölüşür. “Alaves” 5 oyunluq məğlubiyyət seriyasını “Malyorka” ilə oyunda qırdı. “Jirona” ardıcıl iki məğlubiyyətdən sonra “Leqanes”in öhdəsindən gəldi. Komandalar birlikdə 7 qol vurdu. “Atletik”lə “Betis” hərəyə bir qol vurdu və 1 xal qazandı. Dünən keçirilən yeganə oyunda isə “Selta” “Xetafe”ni məğlub etdi.

12-ci tur
Barselona – Espanyol 3:1

Olmo, 12; 31. Rafinya, 23 – Puado, 63. (48843)
Barselona: Penya, Balde, Kubarsi, Martines, Fort (Kunde, 78), Pedri (Qavi, 85), Kasado (De Yonq, 56), Rafinya (Fati, 85), Olmo (Lopes, 56), Yamal, Levandovski.

Atletiko Las Palmas 2:0
Simeone, 37. Sörlot, 84. (56610)
Atletiko: Oblak, Qalan (Mandava, 84), Lanqle, Ximenes, Molina, Lino (Qallaher, 46), Simeone (Vitsel, 85), Koke, Barrios (De Paul, 46), Qrizmann (Sörlot, 65), Alvares (Korrea, 65).

Sevilya - Real Sosyedad 0:2
Kubo, 34. Oyarsabal, 68-p. (37619)

OsasunaValyadolid 1:0
Budimir, 19-p. (20430)

AlavesMalyorka 1:0
Quridi, 76. (17212)

JironaLeqanes 4:3
Qutyerres, 21. Martines, 31. Stuani, 62-p. Qonsales, 73-öz qapısına – Tapiya, 24. Krus, 41. Munir, 77. (10839)

Atletik – Betis 1:1
Berenger, 68 – Fornals, 52. (46898)

Selta – Xetafe 1:0
Duvikas, 7. (19502)

“Vilyarreal” – “Rayo Valyekano”, “Valensiya – Real” oyunları təxirə salınıb.

1. Barselona 12 11 0 1 40-11 33
2. Real 11 7 3 1 21-11 24
3. Atletiko 12 6 5 1 18-7 23
4. Vilyarreal 11 6 3 2 20-19 21
5. Osasuna 12 6 3 3 17-16 21
6. Atletik 12 5 4 3 18-12 19
7. Betis 12 5 4 3 12-10 19
8. Malyorka 12 5 3 4 10-9 18
9. Rayo Valyekano 11 4 4 3 12-10 16
10. Selta 12 5 1 6 18-20 16
11. Real Sosyedad 12 4 3 5 10-10 15
12. Jirona 12 4 3 5 15-17 15
13. Sevilya 12 4 3 5 12-17 15
14. Alaves 12 4 1 7 14-19 13
15. Leqanes 12 2 5 5 12-16 11
16. Xetafe 12 1 7 4 8-10 10
17. Espanyol 12 3 1 8 11-22 10
18. Las Palmas 12 2 3 7 13-21 9
19. Valyadolid 12 2 2 8 9-24 8
20. Valensiya 11 1 4 6 8-17 7

Bombardirlər: Levandovski (Barselona) – 14, A.Peres (Vilyarreal), Rafinya (Barselona) - 7, Mbappe (Real), Budimir (Osasuna) - 6.
Növbəti turun oyunları noyabrın 8-10-u aralığında keçiriləcək: Rayo Valyekano – Las Palmas, Real – Osasuna, Vilyarreal – Alaves, Espanyol – Valensiya, Xetafe – Jirona, Betis – Selta, Malyorka – Atletiko, Leqanes – Sevilya, Valyadolid – Atletik, Real Sosyedad – Barselona.

Turun rəqəmi
3 – “Barselona” artıq bir aydı rəqiblərinin qapısından ən azı üç top keçirir. Flikin komandası ardıcıl 6-cı oyunda minimum 3 qol vurdu. “Alaves” 3 (3:0), “Bavariya” (4:1) ilə “Real” (4:0), “Yanq Boyz” (5:0) ilə “Sevilya” (5:1) “Barsa”dan 5 qol buraxıb.

Turun ulduzu
Dani Olmo (Barselona) – qələbənin əsas memarı oldu. Əvvəlcə Yamalın ötürməsinə əla reaksiya göstərdi, ardından fərdi ustalıq göstərdi.

Turun sitatı
Rafinya, “Barselona”nın yarımmüdafiəçisi:
“Xavi məni daim 60-cı dəqiqədə əvəzləyirdi? Gülürəm, doğrudan da, başıma belə iş gəlib. Bu, Xavinin tənqidi deyil. Ancaq şüuraltı anlayırdım ki, 60-cı dəqiqədə əvəzlənəcəyəm, odu ki, 60 dəqiqə ərzində bacardığımı edirdim, heç nə alınmırdı. Bəzən də meydanda hər şey alındığı halda, baş məşqçi yenə məni dəyişirdi”.


Fakt
“Barselona” La Liqadakı rəqiblərini müntəzəm “ofsayd tələsinə salır”. “Espanyol”un oyunçuları 6 dəfə ofsayda düşdü, bu üzdən onların iki qolu sayılmadı. “Barsa”nın rəqibləri cari mövsümdə 83 dəfə ofsayda düşüb ki, bu da liqada ən yüksək göstəricidi. “Osasuna”nın rəqibləri 35, “Atletik”, “Las Palmas” və “Valensiya”nın rəqibləri isə 27 dəfə belə aqibət yaşayıb.

Reaksiyalar
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“3 xal qazandığımıza görə şadam. İkinci hissədə konsentrasiyanı itirməyimizlə bağlı deyilənlərlə razıyam. Çox yaxşı mövsüm keçiririk. Bugünkü 2-ci hissəni qəbul edirəm, ona görə ki, qalib gəlmişik. Ancaq çərşənbə günü bizə daha çox güc lazımdı”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Komanda, yaxşı oyun, “Betis”ə qarşı etdiklərimiz haqda danışmağa hazıram. Ümumilikdə vacib qələbə qazandıq. Qələbə mənə entuziazm bəxş edir. Culiano? Mən onu futbolçu kimi görürəm. Lap əvvəldən qərar verdik ki, o bizlə qalsın. Bizə yardım edə bilər”.
Chosen
16
football-plus.az

1Sources