EN

Milli qürur günü: Həmrəylik, azadlıq və müstəqillik simvolu

9 Noyabr - Dövlət Bayrağı Gününün əhəmiyyəti Azərbaycan xalqı üçün böyük milli-mənəvi dəyərə malikdir. Bu bayram Azərbaycanın suverenliyini, birliyini və milli qürurunu simvolizə edir. Dövlət Bayrağı Günü ilk dəfə 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunub. Bu tarixin seçilməsi isə 1918-ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qəbul olunması ilə bağlıdır. Azərbaycan bayrağı xalqın tarixini, mədəniyyətini və dövlətçiliyini əks etdirir.

Dövlət Bayrağı Günü millətin birliyini və həmrəyliyini təcəssüm etdirir. Bu gün hər bir vətəndaş milli qürurunu və dövlətçilik dəyərlərini bir daha yada salır. Bu, xüsusilə gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir.

Bayraq, həmçinin azadlıq uğrunda mübarizələrdə şəhid olanların xatirəsini simvolizə edir. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 9 Noyabr – Dövlət Bayrağı Günü xüsusi olaraq anılır.

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı müxtəlif çıxışlarında dövlət bayrağının əhəmiyyətini və mənəvi dəyərini vurğulayıb. Dövlət başçısı qeyd edib: “Dövlət bayrağımız Azərbaycanın azadlığının, müstəqilliyinin və suverenliyinin simvoludur. Bu bayraq altında xalqımız ən ağır sınaqlardan üzüağ çıxmış, dövlətçiliyini və milli qürurunu qorumuşdur. Bizim üçrəngli bayrağımız hər bir azərbaycanlının ürəyində özünəməxsus yer tutur və onun yüksəldilməsi bizim ümummilli amalımızdır”.

Cənab İlham Əliyev bayrağın daim uca tutulması və gələcək nəsillərə bu dəyərlərin ötürülməsinin vacibliyini qeyd edib.

Həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar bu günü böyük coşqu ilə qeyd edərək öz dövlətlərinə və milli mənsubiyyətlərinə bağlılıqlarını nümayiş etdirirlər. Bu günün qeyd olunması hər bir azərbaycanlının milli şüurunun güclənməsinə xidmət edir.

Beləliklə, 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycanın keçmişini, bu gününü və gələcəyini əks etdirən, hər bir vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Chosen
10
4
sia.az

5Sources