EN

Cəlilabadda Zəfər Günü təntənəli qeyd olundu - Fotolar

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Parkı Abidə Kompleksi ziyarət edilib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 8 noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş olunub.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. 

Tədbirdə digər çıxış edən natiqlər də Qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin və mübarizliyimizin nümayiş etdirildiyini vurğulayıblar.

Daha sonra Heydər Əliyev Seyrəngahında bayram konserti təşkil edilib. Bir-birindən rəngarəng vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib.

Konsertdən sonra isə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Heydər Əliyev Seyrəngahında atəşfəşanlıq olub.







Chosen
19
qafqazinfo.az

1Sources