EN

"Mən ömürlük 59 yaşında qaldım, Camal isə 36 yaşında" - FOTO

Ömrünün 18 ilini Vətənə xidmət edən igidlərimizdən biri də xüsusi təyinatlıların baş giziri, kəşfiyyatçı Camal Vidadi oğlu İsmayılovdur. O, 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət zamanı hərbi hissə rəhbərliyinin diqqətini cəlb etdiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.

Kəşfiyyatçı kimi daim öz üzərində çalışaraq bir çox təlimlərdə iştirak edib, çoxsaylı medallara layiq görülüb.

Camal İsmayılov 2020-ci il Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizində hakim yüksəkliyin alınmasında böyük qəhrəmanlıqlar göstərib. Oktyabrın 19-da Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Ya qalibsən, ya da geri dönmürsən"

Anası Filarə İsmayılova deyir ki, Camalın Vətən sevgisi uşaq yaşlarından formalaşıb. Hətta bağçaya gedərkən də belə olub: "Müəllimi ona Azərbaycanın fəxri deyirdi..."

Camal ailə üzvlərini də çox sevib. Bacısı Xəyalə İsmayılova uşaqlıq illərini belə xatırlayır: "Camal çox dəcəl uşaq idi. Böyük bacısı olduğum üçün onu hər zaman müdafiə edərdim. Camalla bir-birimizə çox bağlı olmuşuq. Sadəcə bacı-qardaş deyildik, həm də dost, sirdaş idik. Hər zaman deyirdi: "Döyüşdən ya qalib qayıdırsan, ya da geri dönmürsən".

Həkim olmağa hazırlaşırdı, lakin hərbçi oldu

Camal bu peşəni özü seçib. Anası Filarə xanımın sözlərinə görə, hər şey onun əsgərliyə getməsi ilə başlayıb: "Mən istəyirdim ki, Camal həkim olsun. Ancaq görürdüm ki, könülsüz hazırlaşır. Dəftəri var idi, oraya yazmışdı ki, "anam həkim olmağımı istəyir, amma mən böyüyəndə zabit olmaq istəyirəm". Məktəbi bitirdikdən sonra əsgərliyə getdi. Səkkiz ay xidmət etdikdən sonra mənə məktub yazdı ki, "xüsusi təyinatlı qüvvələrin kursu açılıb, ora yazılacağam. Kursda olanda sizinlə əlaqə saxlaya bilməsəm məndən ötrü narahat olmayın". 18 il orada xidmət etdi. Tək Azərbaycanda deyil, xarici ölkələrdə də mükafatlar əldə etmişdi. 94 dəfə paraşütlə qüsursuz atışı olub. 2016-cı ildə aprel döyüşlərində iştirak edib".

"Vətəni sevdiyimizi əməlimizlə göstərməliyik"

Xəyalə xanım deyir ki, Camal hərbçi olduqdan sonra çox dəyişib: "Sanki içindən başqa bir insan peyda oldu. Deyirdi ki, qanımın son damlasını da Vətənim üçün tökməyə hazıram. Bu sözlər mənə qəribə gəlirdi. Bizi başa salmağa çalışırdı ki, Vətənə sevgi sadəcə sözlə olan bir şey deyil. Vətəni sevdiyimizi əməlimizlə, hərəkətlərimizlə göstərməliyik. Xocalı faciəsi, torpaqlarımızın işğalda olması ona çox pis təsir edirdi. Sanki təkbaşına Vətənin qisasını almaq istəyirdi. Ən böyük arzularından biri Şuşaya ilk bayrağı sancmaq idi".

Qızlarının və yoldaşının qəhrəmanı

İki qız atası olan Camal onlara əsl sevgini hər zaman göstərirmiş. Filarə İsmayılova onun qızları ilə münasibətindən də bəhs etdi: "Ailəsini, övladlarını çox sevirdi. Qızları ilə xizək sürərdi. Hər iki qızını üzgüçülüyə qoymuşdu. "Qızlarım gərək cəsur olsun" deyirdi".

Yoldaşı Fatimə İsmayılovanın sözlərinə görə, Camal onun üçün tək həyat yoldaşı deyildi: "Həm də dostum idi. Camal işinin çətinliyinə baxmayaraq, hər zaman övladları ilə vaxt keçirərdi. Ən əsası isə işinin gərginliyini, çətinliyini bizə hiss etdirmirdi".

Camal tək özü vətənpərvər deyildi. Övladlarını da belə yetişdirirdi.

Filarə İsmayılova: "Evimizdə hər zaman bayraq olub. Qızlarına söz vermişdi ki, "Şuşanı alacağıq, sizinlə gedib oraya bayrağımızı sancacağıq". Qızı şəhidliyin nə demək olduğunu soruşduqda "hərbçilər təqaüdə çıxmır, onlar yalnız şəhid olur", - demişdi".

"Mən hələ qəhrəman olmamışam"

Şəhidlik onun ən böyük arzusu idi. Çünki 18 il bu amalla xidmət etmişdi. Bacısı Xəyalə xanım deyir ki, gözünün önündə yoldaşlarının şəhid olması ona pis təsir edirdi: "Aprel döyüşlərində ən yaxın dostlarını itirmişdi. Ona görə, sonrakı dövrdə çox məyus gəzirdi. Səbəbini soruşanda deyirdi ki, "illərdir birlikdə çiyin-çiyinə vuruşduğun insanları birdən-birə itirmək çox çətindir, mən onları qoruya bilmədim". Mən də ona deyirdim ki, "sən də bizim qəhrəmanımızsan". Onun cavabı hələ də qulağımdadır: "Mən hələ qəhrəman olmamışam, nə vaxtsa olacağam". Camal bizi bir gün müharibənin baş verəcəyinə hazırlayırdı. Şəhid ailələrini misal çəkirdi. Bizə həmişə deyirdi ki, qürurunuzu hər zaman içinizdə yaşayın".

"Dəfələrlə ölümü gözə alaraq bizimlə vidalaşıb"

Fatimə xanım üçün hərbçi xanımı olmaq həm məsuliyyətli, həm də qürurverici idi: "11 illik evliliyimiz boyunca Camal dəfələrlə ölümü gözə alaraq bizimlə vidalaşıb. Hətta döyüşlərə gedərkən vəsiyyətnamə yazırdı. Camalın işi ilə bağlı çətin və stressli həyatımız olub. O hər dəfə təlimlərə, döyüşlərə getdikdə övladlarımla birgə nələr yaşadığımı sadəcə mən bilirəm. Ondan bir xəbər, zəng gələndə biz sanki nəfəs alırdıq. Xüsusi təyinatlı xanımı olmaq mənim üçün qürurdur. Çünki Camal mənə çox şey öyrədib. Hazırda onun öyrətdikləri ilə övladlarımla həyatda qala bilirəm".

"Hər dəfə biz cavanlara izah edirdi ki..."

Döyüş yoldaşı, kəşfiyyatçı, kiçik gizir Ayar Abbasov da Camalı təcrübəli hərbçi kimi xatırlayır: "Camalla 2019-cu ildən bir tabordaydıq. Qrupumuzun rabitəçisi idi. Vətən müharibəsində birlikdə döyüşmüşük. Cəbrayıl, Hadrut, Xocavənd uğrunda döyüşlərdə birlikdə olmuşuq. Mən nəsə öyrənə bilmişəmsə, 60-70 faizini o öyrədib. Camal hamımızdan təcrübəli olduğu üçün hər zaman tabor komandiri, kəşfiyyat qrupu ilə ən öndə gedirdi.

Hərbidə hər gün eyni dərsləri oxumaq, tapşırıqları yerinə yetirməkdən bəzən yorulurduq. Amma Camal heç vaxt bezmirdi. Halbuki 18 ildir bu sahədə idi. Hər dəfə biz cavanlara izah edirdi ki, hazırlıqlarımızın heç biri boşuna deyil. Camal bizə Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızdan, onların şücaətindən danışırdı".

Füzuli, Cəbrayıl və Hadrut fatehi

Ayar Abbasov döyüşdə Camal sayəsində əldə edilən uğurlardan da bəhs etdi: "Füzulidə qrup komandirimiz şəhid oldu. O, bizi dayanmağa qoymadı. Füzulidə dörd gün mühasirədə qaldıq. Dörd istiqamətdə döyüş aparırdıq. Bizi Camal yönləndirirdi. Sonra Cəbrayılda digər taborla hücuma keçdikdə ən öndə gedən yenə o oldu. Cəbrayıl yüksəkliyinin alınmasında da Camalın rolu danılmazdır. Biz cəmi 18 nəfərlə o qələbəni əldə etdik. Hadrut onun şah əsəridir. Hadrut dedikdə hər kəsin ağlına Camal gəlir. Orada dayanmadan iki gün döyüş apardıq. Camal erməni polkovnikini əsir götürdü. Hadruta daxil olduqda ermənilərə geri çəkilmək əmrini verdi. Ermənilər heç anlamadı ki, əmri kim verib. Hadruta daxil olduq. Biz artıq mövqelərə yerləşdikdən sonra xəbər tutdular ki, əmri verən azərbaycanlıdır".

"O, bir əfsanə idi"

Kiçik gizir Şamil Məmmədov: "Camal ilə 2018-ci ildən bərabər xidmət edirdik. Qrupa yeni gəldikdə görürdüm ki, o, ancaq kitab oxuyur. Soruşurdum ki, axı biz döyüşçüyük, kitab nəyimizə lazımdır? Cavabında deyirdi ki, bu gün bu kitabları oxumasaq, öyrənməsək, döyüş zamanı zəfər qazana bilmərik. Döyüşdə nəyi, necə, nə zaman etmək lazımdır, hər birini bizə Camal öyrədib. O, bir əfsanə idi...".

"Darıxma, bacı, qayıdacağam"

Filarə xanım oğlunun müharibəyə yollanmasından da bəhs etdi: "Sentyabrın 16-da son dəfə bizə gəldi. İki gün qalacaqdı. Zəng gəldiyi üçün səhər getməli oldu. Sentyabrın 26-ı səhər yoldaşına zəng etdim. Dedi ki, Camal təlimə gedib. Sentyabrın 27-i müharibə olduğunu öyrəndik. Mən Camalın işini, təhlükəsini bilirdim. Həmişə ən öndə onlar gedirdilər. Yenə də özümü sakitləşdirməyə çalışdım ki, Camala heç nə olmayacaq. 2-3 gündə bir dəfə zəngləşirdik. Ya bizə, ya ailəsinə, ya bacısına zəng edirdi".

Camal bacısına müharibədən qayıdacağını söz versə də, bu dəfə alınmadı: "Çox zaman anamla danışırdı, elə xəbər tuturdum. Amma səhərlər ona mesaj yazırdım. Bilirdim ki, axşam döyüşdən gələndə mütləq cavablandıracaq. O mesajlarında da həmişə məni sakitləşdirməyə çalışırdı. Valideynlərimə təskinlik verməyimi istəyirdi. Sonuncu dəfə mənə oktyabrın 14-ü zəng etdi. Dedim ki, nəyin bahasına olursa-olsun qayıtmalısan. Camal isə dedi ki, "darıxma, bacı, qayıdacağam".

"Mən ömürlük 59 yaşında qaldım, Camal isə 36 yaşında"

Anası deyir ki, Camal hər zaman onun doğum günündə zəng edərdi. Amma bu dəfə anasını öz şəhadəti ilə təbrik etdi: "Sonuncu dəfə oktyabrın 18-i zəng etdi. Oktyabrın 21-i mənim doğum günüm idi. Düşünürdüm ki, mütləq zəng edəcək. Axşama kimi gözlədim, amma zəng gəlmədi. Axşam bizə xəbər gəldi, amma şəhid olduğunu söyləmədilər. Dedilər, mühasirəyə düşüb. Oktyabrın 23-ü bizə dedilər ki, komaya düşübmüş, ayılıb. Getdikdə görüblər ki, əslində şəhid olub. Mən ömürlük 59 yaşında qaldım, Camal isə 36 yaşında".

"Camal heç vaxt mühasirəyə düşməz"

Fatimə xanım yoldaşı ilə sonuncu danışığını belə xatırlayır: "Sonuncu dəfə oktyabrın 18-i danışmışdıq. Həmin gün Camalla o qədər rahat danışdıq ki, səsi sanki evdən gəlirdi. Düşündük ki, artıq hər şey yavaş-yavaş sonlanır, o, tezliklə geri qayıdacaq. Oktyabrın 21-i mənə xəbər verdilər ki, mühasirəyə düşüblər. O an Camalın sözü yadıma düşdü. O deyirdi ki, "biz heç vaxt mühasirəyə düşə bilmərik. Əgər elə bir şey olsa, tək çarəmiz şəhidlikdir". O səbəbdən mən israrla deyirdim ki, "Camal heç vaxt mühasirəyə düşməz".

Rabitədən gələn səs: "Camal şəhid oldu..."

Ailəsinə "Camal mühasirəyə düşüb, yaralanıb" deyilsə də, reallıq tamam başqa olub. Camalın son döyüş zamanı xilas etdiyi Şamil Məmmədovun sözlərinə görə, o, yaralansa da, geri çəkilməyib: "Sonuncu döyüşümüz oktyabrın 19-u Xocavənd istiqamətində olub. Camal həmin döyüşdə kəşfiyyat qrupunda idi. Biz döyüşə girdikdə düşmən az idi. Amma sonradan onlara kömək gəldi. Döyüşün ortasında yaralandım. Məni döyüşdən Camal çıxardı. Ayağıma sarğı qoydu, iynə vurdu və məni arxa tərəfə apardı. Yenidən döyüşə qayıtdıqda birinci ayağından yaralandı. Bir az sonra isə rabitədən o səs gəldi: Camal şəhid oldu... Axşama qədər digər yoldaşlarımız yaralı olaraq çıxdılar. Amma şəhid olanları götürə bilmirdik. Yalnız oktyabrın 23-ü onları çıxara bilmişdilər".

"Atam niyə gəlmir?"

Hazırda Camalın bir oğlu da var. Hər üç övladı üçün atalarının yoxluğu çox çətindir.

Fatimə İsmayılova: "Qızlarım atalarından sonra hələ də özlərinə gələ bilmir, onları ovuda bilmirəm. Oğlum isə hər gün üzünü belə görmədiyi atasını arzulayır. Oğlum hələ çox balacadır, ağlı kəsmir və ona atasının harada olduğunu izah edə bilmirəm. Hər gün deyir ki, atam niyə gəlmir? Onda biz onun yanına gedək. Mən yoldaşımı itirənə qədər özümü çox güclü qadın olaraq hiss edirdim. Amma uşaqlarımın sualları qarşısında çox gücsüz qalıram".

Qeyd edək ki, Camal İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Camalın şəhid olduqdan sonrakı ilk doğum günü Heydər Əliyev Mərkəzində keçirilib. Həmin tədbirdə Camalın Vətən müharibəsi Qəhrəmanı nişanı oğluna təqdim olunub. 2020-ci ildə Camal İsmayılovun Neftçala rayonunun Həsənabad qəsəbəsində - yaşadığı evdə xatirə lövhəsi, bir il sonra isə büstü qoyulub. Haqqında "Heç kim unudulmur, heç nə yaddan çıxmır - Camal İsmayılov" adlı sənədli film çəkilib. Neftçala Şəhər Uşaq İncəsənət Məktəbinə də Camal İsmayılovun adı verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
132
33
milli.az

10Sources