EN

Ailədən başlanan vətənpərvərlik tərbiyəsi

Tarix boyu Azərbaycanda ailə müqəddəs hesab olunub. Qədim keçmişə malik xalqımızın tarixi qədər qədim dəyərləri də var. Bu dəyərləri xalqımız həmişə müqəddəs bilib qorumağa çalışıb. Bu gün bizim vətənə, əcdadlarımızın bizə miras qoyduğu dəyərlərə olan sevgimiz, hörmətimiz buradan qaynaqlanır..

Dahi Azərbaycan alimi Nəsrəddin Tusi özünün "Əxlaqi-Nasiri" əsərində yazır ki, insanlar tək yaşaya, inkişaf edə və kamala çata bilməzlər. Onların bir-birinə, bir ailəyə ehtiyacı var. Çünki insanın bir çox ehtiyacı ailədə təmin olunur.Vətənə sevgi də ailədən başlayır

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.

Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Gənc nəslin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır.

Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.

İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır.. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Məhz ölkəmizdə aparılan vətənpərvərlik tərbiyəsinin bariz nümunəsini 44 Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə bir daha sübut etdik.

Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə təhsil işcilərinə tövsiyə edirdi. Gənclər forumunda Ümumilli liderimiz demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".

Vəsilə İmanova

ADPU-nin nəzdində ADPK-nin pedaqogika-psixologiya fənn birləşməsinin müəllimi

Chosen
19
sia.az

1Sources