ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni kabinetin tərkibi ilə bağlı hazırlıqlarını davam etdirir.
Bakupost.az "Sabah"a istinadən xəbər verir ki, 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp bu gün daha bir mühüm adı ictimaiyyətə açıqlayıb.
O, keçmiş hərbçi və "Fox News" telekanalının şərhçisi Pit Heqseti müdafiə naziri vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb. Televiziya təcrübəsi olan Heqsetin illər öncəKİ “10 ildir əllərimi yumuram” etirafı da geniş müzakirə olunub.
Gözlənilməz reaksiyalar alan Heqset, daha sonra "USA Today"a verdiyi açıqlamada bu sözlərlə zarafat etdiyini bildiriB.
O, Trampın prezident kimi fəaliyyətə başlamasından sonra Senatdan razılıq alaraq vəzifəsini icra edə biləcək.
Qeyd edək ki, Amerika ordusunun müxtəlif bölmələrində xidmət edən Heqset müxtəlif dövrlərdə həm İraqda, həm də Əfqanıstanda olub. İki dəfə bürünc medal qazanan Heqset uzun illərdir veteranlarla bağlı proqramlar və tədbirlər təşkil edən şəxs kimi tanınır.
Rəhman, BakuPost