EN

COP29-da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forumun açılışı oldu

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun açılış mərasimi keçirilib".

Teleqraf. com xəbər verir ki, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, “Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışı zamanı deyib ki, karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması, ilk növbədə, ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir. "Yaşıl şəhərlər" proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir".

BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana qeyd edib ki, bugünkü forum tərəfdaşlıq şəraitində yaşıl və rəqəmsal transformasiyanın ikili yollarını necə daha məhsuldar şəkildə həyata keçiriləcəyini müzakirə etmək və razılaşmaq üçün vacib platforma təklif edir.

O bildirib ki, iqlim fəaliyyətində səmərəliliyi artıran və emissiyaları azaldan rəqəmsal həllər vasitəsilə rəqəmsal texnologiyalar iqlim adaptasiyası və fəlakətlərə davamlılıq üçün praktiki vasitələr təmin edir.

BMT rəsmisinin sözlərinə görə, iqlim çağırışlarının əsas səbəblərini daha dərindən və hərtərəfli başa düşmək üçün yeni texnologiyaların verə biləcəyi töhfədən yararlanmaq lazımdır. Bunun üçün dövlət sektorunu effektiv siyasət və platformalarla dəstəkləmək vacibdir.

Qonaq çıxışının sonunda COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.

İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal deyib ki, forum sadəcə planetə həvəsli olan maraqlı tərəflərin görüşü deyil, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların həllinə töhfə verməklə ətraf mühitə fərq yaratmaq imkanıdır: "Bu, İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrin daha geniş dayanıqlı inkişaf prosesində rolunu izah etmək üçün əhəmiyyətli fürsət verir. Artıq çoxtərəfli inkişaf bankları ölkələrə iqlimə uyğun kənd təsərrüfatı ilə daha dayanıqlı qida ekosistemi yaratmaqda və gələcək həssaslıqları azaltmaqda mühüm rol oynayır".


Müəllif: Rəqsanə Həsənova
Chosen
12
9
teleqraf.com

10Sources