EN

Yerevan konstitusiya dəyişikliklərindən imtina etməsinin səbəblərini açıqlayıb

Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, həm prezident İlham Əliyev, həm də o, Ermənistan və Azərbaycan üçün təkcə sülh sazişi və digər razılaşmaların əldə olunması deyil, eyni zamanda sülh içində birgə yaşayış üçün strateji sazişin imzalanması zərurəti olduğunu qəbul edirlər. O, bu fikirləri noyabrın 13-də parlamentin iclasında səsləndirib.

Paşinyan Əliyevlə son təmaslarından məmnunluğunu ifadə edərək deyib: “Biz uzun zamandır bu qədər uzun müzakirələr aparmamışdıq”.

Potensial saziş haqqında danışan Paşinyan öz düşüncələrini bölüşüb: “Burada böyük bir sirr yoxdur. Mahiyyətcə, bizim strateji sövdələşmə ilə bağı düşüncələrimiz “müasir Ermənistan” konsepsiyasına əsaslanır.

Rəsmi Yerevanın terminologiyasında “müasir Ermənistan” dedikdə Türkiyə və Azərbaycana qarşı heç bir ərazi iddiası olmadan, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan Respublikası başa düşülür.

Xarici işlər naziri Ararat Mirzoyan baş nazirin fikrini davam etdirərək, erməni qanunvericilərə Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzərində işi tamamlamağa çox yaxın olduğunu bildirib.

“Cəmi bir-iki ifadə və maddə qalıb, onların ətrafında daha intensiv danışıqlar aparılacaq. İş gedir və hətta, deyərdim ki, daha konstruktiv atmosferdə. Ehtiyatlı nikbinlik ifadə etmək istərdim ki, biz həqiqətən sülh müqaviləsinin mətnini tamamlamağa çox yaxınıq”, deyə XİN başçısı qeyd edib.

Azərbaycan nümayəndələri Ermənistanın ölkə Konstitusiyasında qeyd edilən Müstəqillik Bəyannaməsindən Qarabağ haqqında istənilən qeydin çıxarılması tələbindən imtina etməyib. Lakin Paşinyan Konstitusiyaya düzəliş etməyi rədd etməkdə qətiyyətlidir. O, parlamentin deputatlarına bu mövqeni izah edib:

Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı haqqında iddiaları, Ermənistan Respublikasının Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə ümumi istinadın mövcud olması, bu bəyannamədə isə, öz növbəsində, Dağlıq Qarabağın adının çəkilməsi faktına əsaslanır, deyə Paşinyan bildirib.

O xatırladıb ki, Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü ilin sentyabrında verdiyi qərarda Müstəqillik Bəyannaməsinə olan bu istinadın yalnız Konstitusiya maddələrində əks olunan müddəalara aid olduğunu təsdiq edib. “Konstitusiya mətnində Dağlıq Qarabağın adı nə birbaşa, nə də dolayı yolla çəkilmir. Həmçinin, qeyd etmək lazımdır ki, Müstəqillik Bəyannaməsi və Konstitusiya arasında onları qəbul edən subyektlər baxımından aydın bir iyerarxik fərq mövcuddur. Müstəqillik Bəyannaməsi Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilibsə, Konstitusiya beynəlxalq səviyyədə tanınmış suveren dövlət olan Ermənistan Respublikasının xalqı tərəfindən qəbul edilib”.

“İkincisi, Azərbaycan Konstitusiyasının preambulasında 18 oktyabr 1991-ci il tarixində qəbul edilmiş konstitusiya aktına istinad yer alır. Bu akt isə öz növbəsində 28 may 1918-ci ildə qəbul edilmiş birinci Azərbaycan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad edir. Birinci Azərbaycan Respublikasının Bəyannaməsində qeyd edilib ki, Şərqi və Cənubi Zaqafqaziya bu respublikaya daxildir. 1919-cu ilin noyabrında Azərbaycan Respublikası Antantaya inzibati-ərazi xəritəsini təqdim edib, bu xəritəyə əsasən, Ermənistanın Sünik və Vayotsdzor bölgələri tamamilə, Ararat, Armavir, Geqarqunik, Tavuş, Şirak və Lori bölgələrinin əraziləri isə qismən Azərbaycanın tərkibinə daxil edilib. Bu, müasir Ermənistan ərazisinin təxminən 60%-ni təşkil edir.

“Aydındır ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var”, deyə Paşinyan vurğulayıb.

O bildirib ki, Ermənistan iki səbəbdən Konstitusiyasına dəyişiklik etməkdən imtina edir. Birincisi, bu, Ermənistan-Azərbaycan sülh prosesini pozacaq. İkincisi, sülh müqaviləsi mətninin razılaşdırılmış hissəsində yer alan bir maddədə tərəflərin müqavilənin icra olunmamasını əsaslandırmaq üçün daxili qanunvericiliyə istinad edə bilməyəcəyi qeyd edilir.

“Müqavilənin digər bir maddəsində isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları, ərazi iddialarının olmadığı və gələcəkdə iddialar irəli sürməyəcəkləri öhdəliyi götürdükləri qeyd edilir”, deyə baş nazir əlavə edib.

Çıxışına yekun vuran Paşinyan belə deyib: “Biz Azərbaycan Konstitusiyasına dəyişiklik məsələsini qaldırmırıq və eyni məntiqə əsaslanaraq, Ermənistan Konstitusiyasına bu kontekstdə dəyişiklik etməyə ehtiyac olmadığını hesab edirik”.

Bakı Yerevanla danışıqların dekabr ayında, COP29-un başa çatmasından sonra davam etdiriləcəyini bildirib. Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib. Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən məsələlər var. “Buna görə də müzakirələr və danışıqlar ekspertlər səviyyəsində davam etdirilir”, deyə prezidentin köməkçisi əlavə edib.

Chosen
67
turan.az

1Sources