EN

Potensial donorlar İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fonduna maraq göstərir - Yalçın Rəfiyev

Potensial donorlar İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fonduna maraq göstərir.

Olaylar xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fondu bizim hazırda davam edən 14 təşəbbüsümüzdən biridir. Onun yaradılmasını elan edəndə, davam etdirmək istədiyimiz prosesi açıq şəkildə qeyd etdik", - deyə o bildirib.

Yalçın Rəfiyevin sözlərinə görə, fondun məqsədi inkişaf etməkdə olan ölkələr üçün yeni konsepsiyaya əsaslanan innovativ maliyyələşdirmə mənbəyinə çevrilməkdir.

"Eyni zamanda, konsepsiyanın inklüziv hazırlanma prosesini təmin etmək üçün biz potensial donor ölkələri işçi qrupa daxil etməyi qərara aldıq. COP-da elan etdik ki, işçi qrupumuz konseptual sənədin hazırlanması ilə məşğuldur", - deyə o qeyd edib.

Y.Rəfiyev fondun yaradılmasının vaxt tələb edən mürəkkəb bir proses olduğunu vurğulayıb.

"Lakin biz bu istiqamətdə fəal işləyirik və bütün potensial donorlarla sıx əməkdaşlıq edirik. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdən, dövlət və özəl sektorlardan olan potensial iştirakçılardan əhəmiyyətli maraq görürük ki, onlar fondun yaradılması və mümkün qədər tez fəaliyyətə başlaması üçün bizi işi davam etdirməyə çağırır", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
1
olaylar.az

2Sources