EN

İslam İnkişaf Bankı Qız Qalası su anbarı üçün ilk krediti imzalamaqdan qürur duyur - Məhəmməd Əl-Casir

İslam İnkişaf Bankı (İİB) Qarabağda Qız Qalası su anbarı layihəsi üçün ilk krediti imzalamaqdan qürur duyur.

Day.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Əl-Casir deyib.

"Biz çox qürur duyuruq ki, biz İslam İnkişaf Bankı olaraq, təxminən 1,6 milyon insana xidmət göstərəcək Qarabağda Qız Qalası su anbarı layihəsi üçün ilk krediti imzalamışıq", - o bildirib.

O qeyd edib ki, bu, çox mühüm inkişaf layihəsidir.

"Prezident İlham Əliyevi əmin edirəm ki, biz burada mövcudluğumuzu genişləndirməyi səbirsizliklə gözləyirik. Maliyyələşdirə biləcəyimiz layihələrin sayını genişləndirmək üçün bizim imkanlarımız var. Biz İslam İnkişaf Bankı ilə Azərbaycan arasında iqtisadi inkişafın bir çox sahələrində əlaqələri genişləndirməyi gözləyirik.

Biz çox həyəcanlıyıq. Biz çox pozitivik. Və biz bu ölkədə yeni, mühüm layihələri gözləyirik",- deyə o bildirib.

Qeyd edək ki, daha öncə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə "Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında "Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi" layihəsi üzrə Agentlik müqaviləsi, "Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında "Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi" və "Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında "Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi" layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
55
4
day.az

8Sources