EN

İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT tərəfdaşlığına dair bəyanat imzalanıb

Bu gün COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün Türk Dövlətləri Təşkilatı (TDT) tərəfdaşlığının yaradılmasına dair bəyanat imzalanıb.

seher.media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İmzalanma İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair Nazirlər Görüşündə baş tutub.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və ölkələr arasında inteqrasiya proseslərinə dəstək verdiyini vurğulayıb. Qeyd olunub ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və "yaşıl iqtisadiyyat" kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunmasına mühüm töhfələr verəcək. Bu məqsədlə üzv dövlətlərin "yaşıl iqtisadi keçidi"ni dəstəkləmək üçün platforma kimi İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığı yaradılır. Bu təşəbbüs iqlimə uyğun ağıllı inkişaf və ədalətli "yaşıl keçid" üçün daha sıx əməkdaşlığın təşviqi məqsədi daşıyır. Bu çərçivədə milli "yaşıl inkişaf" strategiyalarının hazırlanması, "yaşıl enerji zonaları"nın yaradılması, iqlimin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, "yaşıl" KOB subyektlərinin və startapların yaradılmasını dəstəkləmək və s. mühüm işlərin reallaşdırılması hədəflənir.

Nazirlər görüşündə TDT-nin baş katibi Kubanıçbek Omuraliyev, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının əməliyyatlar üzrə baş direktoru Nazim Nurdali, Qazaxıstanın baş nazirinin müavini və milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Özbəkistanın İnvestisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Qırğızıstanın İqtisadiyyat və ticarət naziri Sanjarbek Bolotov, Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycanın Xarici İşlər Nazirliyinin departament rəhbəri Elmar Məmmədov çıxış ediblər. Çıxışlarda türk ölkələrində həyata keçirilən iqlim və yaşıl iqtisadiyyat siyasəti barədə məlumat verilib. Müxtəlif istiqamətlər üzrə ölkələrarası tərəfdaşlığın və inteqrasiya proseslərinin güclənməsinin ümumi rifah və qlobal çağırışlara adekvat yanaşma baxımından vacibliyi vurğulanıb. Bildirilib ki, tərəfdaşlıq vasitəsilə üzv dövlətlər davamlı inkişafa, iqlim problemlərinin həllinə və regional iqtisadi artımın təşviqinə sadiqliklərini nümayiş etdirirlər. Azərbaycanın türk dövlətləri arasında tərəfdaşlığın güclənməsinə mühüm töhfələri vurğulanıb.

Chosen
13
12
seher.media

10Sources