EN

Fatma Yıldırım: "Bütün bunlar qardaşlığın parlaq nümunəsidir"

“Azərbaycan dövləti öz gücünə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdikdən sonra qarşıda dayanan əsas vəzifə həmin ərazilərin bərpa olunmasıdır. Ötən dörd il ərzində bu istiqamətdə mühüm işlər həyata keçirilib. Bu dövrdə Böyük Qayıdış proqramı çərçivəsində minlərlə keçmiş köçkün doğma yurdlarına qayıdıb. Eləcə də, həmin ərazilərdə yeni müəssisələr yaradılır ki, bu da doğma yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsi üçün vacib addımdır”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycana dost və qardaş ölkələr də fəal iştirak edirlər. Bu baxımdan, Türkiyənin müvafiq şirkətlərinin yaxından iştirakı təqdirəlayiqdir. Bundan əlavə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən də bir sıra işlər görülüb ki, bütün bunlar xalqımız tərəfindən dəyərləndirilir. Eləcə də, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına orta məktəb və Qazaxıstan tərəfindən Kurmanqazı adına Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verilib. Qırğızıstan isə Ağdamda orta məktəb inşa edir. Bütün bunlar qardaşlığın parlaq nümunəsidir.

Millət vəkilinin sözlərinə görə, Özbəkistan tərəfindən növbəti qardaşlıq nümunəsi Xankəndi şəhərində tikiş fabrikinin tikilib istifadəyə verilməsi oldu. O qeyd edib ki, noyabrın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin COP29-da iştirak edən Özbəkistan Prezidenti cənab Şafkat Mirziyoyevlə görüşü zamanı Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılışını etdilər.

Chosen
48
1
publika.az

2Sources