EN

Avropa Birliyi qaz istəyir, ya yox?

Qışın ən soyuq ayında qitə aylıq 1,5 milyard kubmetrə yaxın qaz həcmindən də məhrum olacaq

Prezident İlham Əliyevin  COP29-da çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında iki il əvvəl imzalanmış qaz anlaşması haqda da danışması diqqət çəkib. O, anlaşmanın təşəbbüskarının Avropa Komissiyası olduğunu xüsusi vurğulayıb: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır.

Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".

Qeyd edək ki, Bakı ilə qaz sazişini Avropa Komissiyasının   Prezidenti Ursula fon der Leyen imzalayıb. Amma noyabrın əvvəlində  bəlli oldu ki, o, COP29-a gəlməyəcək. Bildirib ki, “Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq”.

Bəllidir ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Avropa dairələrində rəsmi Bakıya qarşı qərəzlər artıb. Ursula fon der Leyenin də üzvü olduğu Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentinə (AP) seçkilərdə birinci yeri tutub.  Məhz həmin Avropa Parlamenti bir neçə gün əvvəl Azərbaycan əleyhinə yeni qətnamə qəbul edib və “Avropa İttifaqını Bakıdan qaz asılılığına” son qoymağa çağırıb. Avropa Parlamenti həmçinin Avropa Komissiyasını Aİ ilə Azərbaycan arasında enerji sahəsində 2022-ci ildə imzalanmış anlaşma memorandumunu və strateji tərəfdaşlığı dayandırmağa çağırıb.

2022-ci ildə AK Prezidenti Bakıdakı çıxışında Azərbaycanla memorandumun Bakı etibarlı tərəfdaş olduğuna, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyinə görə imzalandığını elan etmişdi. Həmin vaxtdan indiyədək Azərbaycan etibarsız tərəfdaş olduğunu göstərən heç bir addım atmayıb, Avropadakı müştəriləri, tərəfdaşları qarşısında üzərinə götürmüş olduğu öhdəlikləri artıqlaması ilə yerinə yetirib. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən artıq, 2023-cü ildə isə 12 milyard kubmetrdən çox qaz ixrac edib. Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı hər il artır və hazırda 10 Avropa dövləti Azərbaycandan qaz alır. Onlardan altısı - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan, Xorvatiya və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan, Serbiya, Sloveniya və Türkiyə isə ittifaqa daxil olmaq üçün namizəd ölkələrdir.

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac edilib ki, bu da 2023-cü ilin eyni dövründəkindən  9,3 faiz çoxdur. Ümumilikdə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya nəql olunan qazın ümumi həcmi 2020-ci il dekabrın 31-dən bu il sentyabrın ortalarına qədər təxminən 40 milyard kubmetr təşkil edib. 2026-cı ilin əvvəlinə qədər TAP-ın nəqletmə gücü ildə 1,2 milyard kubmetr artırılacaq.

Avropa İttifaqı 2022-ci ildə Ukraynaya hücum edən Rusiya qazının alışını kəskin azaltsa da, hələ də ondan tam imtina edə bilməyib. Bu ilin ilk səkkiz ayının nəticələrinə əsasən, Rusiya və Əlcəzair Avropa İttifaqı ölkələrinə qaz tədarükündə payının artım tempinə görə lider olublar. Avropa İttifaqının Statistika Xidmətinin (Eurostat) məlumatına əsası Avropa qaz idxalının strukturunda Rusiyanın payı yanvar-avqust aylarında 4,6 faiz bəndi artaraq 18,3 faizə, Əlcəzairin payı isə 4,9 faiz bəndi artaraq 21,3 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, bu yanacaq növünün bütün əsas təchizatçılarından Avropaya qaz tədarükünün həcmi kəskin azalıb. Qətərdən idxalda 2,8 dəfə, Böyük Britaniyadan 2,5 dəfə, Nigeriyadan 2 dəfə, ABŞ-dan 1,8 dəfə, Norveçdən idxalda 1,7 dəfə azalma baş verib. Ekspertlər buna əsas səbəb kimi Aİ-də sənaye istehsalının kəskin azalmasını göstərirlər. 2022-ci ilin martından 2024-cü ilin avqustuna qədər Aİ-də sənaye istehsalının həcmi 21 faiz aşağı düşüb. Bunun fonunda Aİ yanvar-avqust aylarında qaz idxalını 1,7 dəfə (pul ifadəsində 49,2 milyard avro) azaldıb.

Mediada yayılan məlumatlara görə, Rusiya qazının Aİ-yə boru kəməri ilə nəqli 17 faiz artıb. 2024-cü ilin doqquz ayında ixracın həcmi ümumilikdə 23,7 milyard kubmetr təşkil edib. Əsas tədarük marşrutu “Türk axını” boru kəməri olub - 27 faiz artımla 12,2 milyard kubmetr. Hesabat dövründə Ukrayna ərazisi ilə ixrac isə 7 faiz artaraq 11,5 milyard kubmetrə çatıb.

Hazırda Rusiya İspaniya kimi böyük Avropa dövlətinin qaz təchizatında ikinci böyük paya malikdir. Ukraynanın minlərlə yaşayış məntəqələrini yerlə-yeksan edən, iqtisadiyyatını dağıdan, yüz minlərlə insanını öldürən Rusiyadan qaz almağa davam edən Avropanın bir sıra siyasətçiləri indi Azərbaycandan qaz alınmasının dayandırılmasını tələb edirlər. Halbuki reallıq çox sərt şərtlər diqtə edir: noyabrın əvvəlindən Avropada müşahidə olunan soyuq havalar fonunda yeraltı anbarlardan qaz götürülməsi həcmləri son 3 ildə ən yüksək həddə çatıb. "Gas İnfrastructure Europe"nin (GİE) məlumatına görə, noyabrın 12-də Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarında dolumluluq səviyyəsi 92,5 faiz təşkil edib. Onlarda 100,2 milyard kubmetr qaz qalıb. Havaların bu həftəsonundan daha da soyuqlaşması proqnozlaşdırılır ki, bu da qaza olan tələbatı sürətlə artırır. Artıq Avropanın ən böyük birjası olan Niderlandın TTF birjasında qazın min kubmetrinin qiyməti 510 dollara çatıb.

Dekabrın sonunda Rusiya qazının Ukrayna ərazisindən tranzitini tənzimləyən müqavilənin müddəti bitir və Kiyev onun uzadılmayacağını qəti şəkildə bəyan edib. Bu isə o deməkdir ki, qışın ən soyuq ayında Avropa aylıq 1,5 milyard kubmetrə yaxın qaz həcmindən də məhrum olacaq. Bu həcmlərin getdiyi ölkələrdən Avstriya və İtaliyanın Türk axını ilə təmin olunması üçün müvafiq infrastruktur yoxdur.

Digər tərəfdən, Avropa İttifaqının qaz təchizatında arxalandığı əsas mənbə ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı Avropa üçün heç də uğurlu gedişat sayılmır. Artıq ittifaq strukturlarında Trampın başladacağı ticarət müharibəsinə hazırlıq işlərinə start verilib. Belə bir çətin siyasi-iqtisadi dönəmdə Avropa İttifaqının Azərbaycandan qaz alışını dayandırması mümkünsüzdür. Çünki Azərbaycandan qaz alan Avropa ölkələrinin bir çoxu dənizlərə çıxışı, maye qaz infrastrukturu olmayan kiçik dövlətlərdir. Avropa Parlamentində Azərbaycandan qaz alışını dayandırmağı tələb edən deputatlar bu ölkələrin qaz təminatı üçün də plan hazırlayıblarmı, görəsən?

İlham

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Avropa Parlamenti istənilən qərarı qəbul edə bilər: “Yəni bu, onların hüquqlarıdır. Amma yadda saxlamaq lazımdır ki, Avropa Parlamentinin hər qəbul etdiyi qərar da Avropa Komissiyası tərəfindən qeydsiz-şərtsiz icra edilmir. Yəni mövcud vəziyyətdə Avropa İttifaqının maraqlarından çıxış edilərək addımlar atılır. İkincisi, biz Avropaya qaz satışını hazırda Avropa Komissiyası ilə imzalanmış sənəd əsasında həyata keçirmirik axı. İstər 2013-cü ildə, istərsə də son illərdə imzaladığımız qazın alqı-satqısına dair sazişlər ölkələrarası ikitərəfli və şirkətlərlər arasında imzalanmış kommersiya sazişləri ilə reallaşdırılır.

Əgər tutaq ki, İtaliya Azərbaycandan qaz almaqdan imtina etmək istəyərsə, onda 25 illik qaz alqı-satqısı üzrə yerdə qalan öhdəliyi (hər il 8 milyard kubmetr) üzrə “Şahdəniz” konsorsiumuna almadığı qaza görə də (müqavilə şərtləri də belədir: “ya ödə, ya al”) pulunu ödəməli və müqaviləyə xitam verməlidir. Avropa Parlamentində olanlar siyasətçilərdir və populist çıxışlar edirlər əsasən, reallığı isə Avropa Komissiyası və yerli hökumətlər öz şirkətləri ilə qiymətləndirir və qərar verirlər".

Dünya SAKİT,
“Yeni Müsavat”

Chosen
91
50
musavat.com

10Sources