EN

Adəm İsmayıl Bakuvi: "Cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə bir daha siyasi gündəmi dəyişdirmişdir"



Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitin açılışında iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə bir daha siyasi gündəmi dəyişdirmişdir. Ölkəmizin başçısı çıxışında qeyd etmişdir ki, bu gün dünyada baş verən iqlim dəyişikliklərinin əsas səbəbkarları inkişaf edən böyük dövlətlərdir. Bu problemin əzabını isə kiçik, inkişaf etməkdə olan ada dövlətləri yaşayır. Onlara belə ağır problemlər yaşadan Fransa və Niderland isə özlərini “demokratiyanın beşiyi”, “insan haqlarının müdafiəçisi” kimi epitetlərlə bəzəməklə məşğuldirlar: “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.”

Bu sözləri aia.az-a açıqlamasında
ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi söyləmişdir.

Müsahibimiz qeyd edib ki, “təkcə Fransanın 1966-1996-cı illər ərzində Fransa Polineziyasında apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması məlumdur. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Lakin təəssüf ki, indi Fransa özünü mələk kimi göstərir, imkanı olsa bu fəlakətlərin biskarı kimi Azərbaycanı göstərməkdən belə çəkinməyəcəyi görünür.
Ölkəmizin başçısı Fransa və Niderlanddan fərqli olaraq Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdiyini bildirmiş, insan haqlarından dəm vuran Fransanı Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında həbs edilmiş 1700 insanı həbsdən azad etməyə çağırmışdır.”

Daha sonra politoloq bildirib ki, “XXI əsrdə də müstəmləkəçi siyasətindən əl çəkməyən, “dəniz əraziləri” adlandırdığı müstəmləkələrində bəşəri cinayətlərə imzasını qoyan Fransa sayəsində planetin ekosisteminə dəhşətli səviyyədə zərər vurulmuşdur. Ölkəmizin başçısı cənab İlham Əliyevin açıqladığı bu rəqəmlər insanı dəhşətə gətirir. Təəssüf ki, Avropa Şurası, Avropa Birliyi kimi təsisatlar bu cinayətlərə göz yumur, başqa dövlətləri, o cümlədən Azərbaycanı, insan haqlarını pozmaqda ittiham edir. Ən dəhşətlisi isə odur ki, Avropanın baş diplomatı Cozep Barrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırır. Amma demir ki, dünyanın çox hissəsini cəngəlliyə çevirən elə Avropanın özüdür. Cozep Barrel kimi diplomatı olan Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!”

Müsahibimiz sonda qeyd edib ki, “cənab İlham Əliyevin həqiqətləri çılpaqlığı ilə səsləndirməsi və Azərbaycanın daim ada dövlətlərinə dəstək verəcəyini, Qoşulmama Hərəkatının sədri kimi onların haqlarını müdafiə edəcəyini bildirməsi Sammit iştirakçıları tərəfindən rəğbətlə qarşılanmış, dünyaya öyüd verməyə cəhd edən Fransanın eyibləri faş olmuşdur.”





Chosen
13
aia.az

1Sources