EN

Moskvada azərbayacanlı rəssamın Qarabağa həsr olunmuş əsərləri nümayiş olunub

Moskvada “Cahid Camal: Azərbaycan mənim qəlbimdir” adlı sərgi açılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyanın əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar İttifaqının üzvü Cahid Camalın əl işlərindən ibarət sərgi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) “Azərbaycan“ pavilyonunda baş tutub.

Sərgini giriş sözü ilə açan “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova qeyd edib ki, Cahid Camal 1928-ci ildə Qarabağda, Ağdam rayonunun Gülablı kəndində anadan olub və Azərbaycan həmişə onun yaradıcılığının əsas istiqaməti olaraq qalıb.

“Bu gün burada rəssamın Qarabağa həsr olunmuş əsərləri - ilk dəfə olaraq ictimaiyyətə təqdim olunan və onun tarixi vətəninə sevgisini əks etdirən “Qarabağnamə” silsiləsi nümayiş olunur. Cahid Camal həm də bu gün onun şəxsi sərgisini keçirdiyimiz VDNX-dakı “Azərbaycan” pavilyonunun baş rəssamı olub. Rəssam uzun müddət Monqolustanda yaşayıb və bu ölkəyə çoxlu əsərlər həsr edib”, - deyə Səadət Kadırova bildirib.

O, həmçinin xatırladıb ki, Cahid Camal məşhur islam siyasi və ictimai xadimi, filosof və şair Heydər Camalın atasıdır.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev çıxışında Azərbaycanın dünyaya çoxlu istedadlı insanlar bəxş etdiyini vurğulayıb.
“Cahid Camal üç məkanda - Azərbaycanda, Rusiyada və Monqolustanda fəal işləyib. Bu, təəccüblü deyil, çünki Azərbaycan mədəniyyət və incəsənət xadimləri öz əsərlərində həmişə müxtəlif xalqların mədəniyyətini birləşdiriblər. Bu, bizim dünyamızdır, bu, Azərbaycan sivilizasiyasıdır və Cahid Camal onun ən parlaq nümayəndələrindən biri olub”, - deyə səfir bildirib.

R.Mustafayev, həmçinin Azərbaycan mədəniyyətinə maraq göstərdiklərinə görə, sərginin bütün iştirakçılarına təşəkkür edib.

“Səadət Kadırovanın sayəsində Azərbaycan pavilyonu mədəniyyət mərkəzinə çevrilib. Bura moskvalılar, Rusiya paytaxtının qonaqları, Azərbaycanı sevənlər, ölkəmizlə dost olanlar gəlir. Hazırda Azərbaycanla Rusiya arasında münasibətlərin yeni, müttəfiqlik səviyyəsinə yüksəldiyi bir vaxtda “Azərbaycan” pavilyonu daha böyük əhəmiyyət kəsb edir”, - deyə R.Mustafayev qeyd edib.

Politoloq Sergey Markov Cahid Camalın əsərlərindəki parlaq rənglərə diqqət çəkib. “Kətanlardakı bu parlaq rənglər, Azərbaycan pavilyonunda mehriban ünsiyyət bizim üçün soyuq noyabr günlərini işıqlandırır. Biz Cahid Camalın sərgisinə böyük məmnuniyyətlə gəldik, çünki Azərbaycan mədəniyyətini bəyənirik və minnətdarıq ki, “Azərbaycan” pavilyonu Rusiya ictimaiyyətini belə rəssamların yaradıcılığı ilə ilk dəfə deyil ki, tanış edir”, - deyə rusiyalı politoloq bildirib.

Cahid Camalın əsərlərini qoruyub saxlayan Svetlana Fedotova rəssamın Azərbaycana həsr etdiyi əsərlərinin əksəriyyətinin ilk dəfə sərgiləndiyini diqqətə çatdırıb. “Cahid Camal Moskvada yaşamasına baxmayaraq, onun rəsmləri Azərbaycana olan sevgisini ifadə edir. Onun Qarabağa həsr etdiyi rəsmlər heyranedicidir. Həmin rəsmlərdə Cahid Camal işğal zamanı bir çoxu dağıdılmış küçələri və evləri də təsvir edib ”, - deyə Svetlana Fedotova vurğulayıb.

Sərgidə rəssamın 50-yə yaxın əsəri nümayiş etdirilir. “Kəlbəcər”, “Şuşa”, “Natəvan”, “Qaçaq Nəbi” və digər rəsmlər ziyarətçilərin xüsusi marağına səbəb olub. Sərginin ekspozisiyasına Cahid Camalın şəxsi əşyaları, o cümlədən Qarabağdan gətirdiyi əşyalar da daxil edilib.

Qeyd edək ki, Cahid Camal Qarabağda, Ağdam rayonunun Gülablı kəndində doğulub. Bakıda Əzim Əzimzadə rəssamlıq və V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunu bitirdikdən sonra “Bolşoy Teatr”da çalışıb. Cahid Camal 1952-ci ildə M.F. Axundov adına Azərbaycan Opera və Balet Teatrı üçün Üzeyir Hacıbəylinin “Koroğlu” operasının dekorasiya eskizlərini yaradıb. VDNX-da “Azərbaycan SSR” pavilyonunun baş rəssamı, “Soyuzmultfilm”də animator, Monqolustanın paytaxtı Ulan-Batorda Dövlət Pedaqoji İnstitutunun qrafika kafedrasında pedaqoq-məsləhətçi olub.
Cahid Camalın əsərlərinə Dövlət Rus Muzeyi, Dövlət Şərq İncəsənəti Muzeyi və Azərbaycanın Milli İncəsənət Muzeyi,Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Ulan-Batordakı Tsedenbal Muzeyi, Kalmıkiya Milli Muzeyi və Rusiyada və xaricdə şəxsi kolleksiyalarda rast gəlmək olar.

Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada
Chosen
54
1
apa.az

2Sources