EN

Prezident Sərəncam imzaladı

Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.

Sabah.az-ın məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu baxımdan, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.

Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır:

- SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.

- SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

- mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etsin;

- hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

Chosen
38
49
sabah.az

10Sources