EN

GÜNDƏM: Putin İlham Əliyevə zəng edib, SABAH proqramının genişlənməsi və COP29-da 80-dən çox ölkə liderinin iştirakı

Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Fins.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.

Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

* * *

Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncam ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilir.

SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etməlidir;

hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bu baxımdan ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırmışdır.

* * *

İndiyədək 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, konvensiyaya üzv olan 198 tərəf var.

“Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən, demək olar, hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar.

Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz ancaq konfransın uğuruna köklənməliyik”, - deyə o bildirib.

* * *

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Fins.az-a verilən məlumata görə, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.

Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.

Arif Ağayev müxtəlif illərdə fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.

2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub. ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.

Chosen
40
26
fins.az

10Sources