EN

Makron və Borrelin siyasi iflası – Parisin boykot olunan COP29 çağırışı – ANALİZ

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) beşinci günüdür. Bu beynəlxalq tədbir uğurla davam edir. Ətraf mühitin qorunması tərəfdarı olanlar müxtəlif toplantılarda fəaliyyət göstərir, Yer kürəsini gözləyən fəlakətlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürürlər.

COP29-a qarşı qarayaxma kampaniyası aparanlar da öz ampulalarındadır. Belələrini tədbirin mahiyyəti və onun Yer kürəsinə, insan cəmiyyətinə faydası, yaxud planeti gözləyən fəlakətlər maraqlandırmır. Onların əsas hədəfi Azərbaycandır.

Hələ bir müddət əvvəl 30-a yaxın siyasətçi Fransa hökumətini Bakıda keçirilən COP29-u boykot etməyə çağırmışdı. Onlar bu tədbirdən qərəzli siyasi məqsədlər üçün istifadə etməyə çalışıblar, siyasi çağırışları ilə Azərbaycanın daxili işlərinə müdaxilə ediblər. Əslində, onlar bununla Ermənistanı müdafiə etdiklərini də dolayısı ilə göstəriblər.

Beləliklə, Fransa nümayəndəsi COP29-a qatılmayıb.

Ölkənin ekologiya naziri Aneys Pane-Ryunaşenin Bakıya gəlməməsi ilə bağlı arqumenti Makron hakimiyyətinin Azərbaycana qarşı qərəzini daha əhatəli ifşa edib. Rəsmi Parisin iç üzünü bundan yaxşı göstərmək olmazdı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında Makron hakimiyyətinin yeni müstəmləkəçilik siyasətini tənqid edərək onların Yeni Kaledoniya, dənizaşırı ərazilərdə törətdikləri cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu isə Yelisey sarayına toplaşaraq Fransa adından danışan, Ermənistan və erməni lobbisinin mənafeyini müdafiə edənlərin xoşuna gəlməyib.

Fransalı senator və ekoloq Yannik Jado da naziri dəstəkləyib.

Azərbaycan Prezidenti sözügedən çıxışda bildirib ki, 2024-cü ildə Emmanuel Makron rejimi Yeni Kaledoniyadakı dinc etiraz aksiyaları zamanı 13 kanakı öldürüb, 169 nəfəri isə yaralayıb.

Yeri gəlmişkən, 2015-ci ilin noyabrında Parisdə COP21 konfransı keçirilib. Makronun polis əməkdaşları etirazçı ekoloqların aksiyasını gözyaşardıcı qaz və səs qumbarası ilə dağıtmışdı. Bu, Fransa hakimiyyətinin insan hüquqlarını pozmasına aid çoxsaylı hadisələrdəndir.

Fransada heç də hamı Makron, Panye-Rünaşe düşüncəsində deyil. Çünki COP29-da dövlətin başqa təmsilçilərinin iştirakı gözlənilir. Görünür, Prezdent Emmanuel Makron və ekoloji məsələlər üzrə nazir bu davranışları, çıxışları ilə rəsmi Bakının haqlı olduğunu da təsdiqləyiblər. Onlar Azərbaycanın dedi-qodusunu etməkdənsə, Bakıda çıxış da edə bilərdilər. Ancaq onlar danışdıqları kimi də davranıblar.

Bu, BMT-nin tədbiridir. Ondan erməni terrorçuları, cinayətkarları müdafiə etmək üçün istifadə təşkilata hörmətsizlik, ətraf mühitin problemlərinə laqeydlik sayılır.

Bununla belə, Fransadakı anti-Azərbaycan qüvvələrin bu tədbirin keçirilməsinə mane olmaq cəhdi alınmayıb.

Bütün oyunçular öz yerindədir. 44 günlük müharibə zamanı Azərbaycana qarşı olanlar indi bu hücumu COP29-a qarşı çeviriblər. Onlardan biri də Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrelldir.

HƏMAS-la İsrail müharibəsinə dini don geydirməyə çalışan ali nümayəndə bu dəfə Avropa İttifaqını “bağ”, dünyanın qalan hissəsini isə “cəngəllik” adlandırmaqla coğrafi savadsızlığını və müstəmləkə düşüncəsindən xilas ola bilmədiyini nümayiş etdirib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cozef Borrellin “X” sosial şəbəkəsindəki hesabındakı “Avropa İttifaqı bağ, dünyanın qalan hissəsi isə cəngəllikdir” paylaşımına cavab olaraq bildirib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. O vurğulayıb ki, özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur.

Prezidentin köməkçisi vurğulayıb ki, COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir: “Aİ-yə üzvlük neomüstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var”.

Hikmət Hacıyev

Yeri gəlmişkən, Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıb : “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”.

Dövlət başçısı bununla həm də Fransa kimi neokolonialist dövləti daha humanist addım atmağa çağırıb.

Fransa hakimiyyətinin ittifaqa üzv dövlətlərə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi daha acınacaqlıdır. Bu, rəsmi Parisin özünü qurumda hegemon göstərmək cəhdidir. Təbii ki, Azərbaycanla ittifaqa üzv olan əksər ölkələr arasında ikitərəfli çox yüksək səviyyədə münasibət var və bu əlaqələr inkişaf etməkdədir. Quruma üzv ölkələrin dövlət və hökumət başçılarının, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin COP29-a qatılmaları bunu təsdiqləyir.

Deməli, Makron və ona bu işdə yardımçı olanların COP29-u boykot taktikası iflasa uğradı. Daha dəqiq desək, onların ideyası boykot olundu.

Fransa hakimiyyəti, hökuməti, Cozef Borrel və onların anti-Azərbaycan komandasının əsas hədəfi Ermənistanı, terrorçuları, cinayətkarları, silahlı təşkilatlar yaradanları müdafiə etməkdir. Onlar guya bununla Ermənistanı dəstəkləyirlər. Belələri İrəvana rəsmi Bakı ilə sülh bağlamağın ən sadə yolunu hələ də söyləmirlər.

Bunlardan biri və başlıcası Ermənistan konstitusiyasına dəyişiklikdir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına cavab olaraq “X”də yazıb ki, onlar əsas qanunda dəyişikliklər edənə, bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tanıması barədə bəyanatların heç bir mənası yoxdur.

O vurğulayıb ki, tarixi faktları təhrif etmək olmaz: “1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş olunan rayonlar məsələsinə gəldikdə (Baş nazir onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri adlandırıb) tarixi faktları təhrif etməməklə xatırlatmaq lazımdır”.

XİN rəsmisi qeyd edib ki, bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır.

Bu da bir həqiqətdir ki, Ermənistan hakimiyyəti Qərbi Azərbaycan türklərini ölkədən qovduqdan, onların torpaqlarını ələ keçirdikdən sonra bütün yer adlarını erməniləşdirib. Odur ki, Nikol Paşinyan və komandası böyüklərinin bu istiqamətdə etdikləri səhvlərin quluna çevriliblər.

A.Hacızadə onu da diqqətə çatdırıb ki, Ermənistan baş nazirinin guya Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması fikrinin əsası yoxdur: “Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

Çünki Azərbaycan Respublikasının əsas qanununda qonşu dövlətlərə qarşı ərazi iddiası yoxdur. Bu da Paşinyanın Azərbaycan konstitusiyasına atdığı çamurun boşboğazlıqdan başqa bir nəsnə olmadığını isbatlayır. Ancaq Ermənistanın əsas qanununda Azərbaycan və Türkiyəyə qarşı açıq şəkildə ərazi iddiaları yer alır.

Fransa, Avropa İttifaqından Cozef Borrell və başqaları bu saxta hökuməti, düşüncəni müdafiə etməklə mənsub olduqları siyasi dairələrin Azərbaycan və Türkiyəyə qarşı tapşırıqlarını həyata keçirirlər.

COP29 konfransı da “məhək daşı” rolunu oynaya bilib. Bu tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar baxışlarına və insanlığın yaşaması üçün vacib məsələyə münasibətinə görə sanki bölünüblər. Yəqin ətraf mühit belə laqeyd yanaşmalar səbəbindən durmadan çirklənir. Görünür, dünya həm də buna görə nizama düşmür…

Chosen
70
14
editor.az

10Sources