EN

Səhv valideyn modeli - Məhv olan həyatlar

"Emosional inkişaf hiss və duyğuların biruzə verilməsi qaydasıdır. Uşaq başa düşməlidir ki, o gülməyi də, ağlamağı da, şənlənməyi də bacarmalıdır".

Bu sözləri News24.az-a açıqlamasında psixoloq Elşən Ələsgərli deyib.

Psixoloqun sözlərinə görə, çox zaman uşaqlara səhvən müəyyən stereotiplər yeridilir ki, "kişilər ağlamaz", "qızlar belə etməz" və s. Bunlar hamısı yanlış stereotip kimi formalaşdığına görə, sonra həmin uşaqlar gələcəkdə çox böyük problemlərlə üzləşirlər:

"Ona görə də valideynlər uşaqlarına ilk olaraq başa salmalıdırlar ki, onlar duyğularını tanımalı və ifadə etməyi bacarmalıdırlar. Yəni, uşaq içində keçən hissin nə olduğunu bilməlidir. Valideyn çalışmalıdır ki, uşaq özünü, hisslərini sözlərlə düzgün ifadə etsin. Bunun üçün də valideyn özü kifayət qədər yetkin olmalı və duyğularını düzgün idarə etməyi bacarmalıdır. Uşağın göstərdiyi bu və ya digər psixi problem birbaşa böyüyün eyniadlı  problemindən qaynaqlanır".

E.Ələsgərli qeyd edib ki, uşaqlara emosional dəstək göstərilməlidir və onların hissləri "iqnor" edilməməlidir. "Sən bunu necə edərsən?!", "uşaqsan uşaq yerində otur", "sən bunu hələ dərk etmirsən" və s. kimi ifadələr işlətmək uşaqların qapanmasına gətirib çıxardır.

"Valideyn özü düzgün model olmalıdır. Bu nümunənin özü emosia və duyğularını idarə etməyi bacarmırsa, stressdən, çətin vəziyyətdən çıxmağı bacarmırsa uşaq bundan örnək götürə bilməz. Həmçinin, valideynlər uşaqların sonsuz suallarına, qavrama prosesinə anlayış göstərib, uyğunlaşmalıdırlar.

Uşaqla valideyn arasında dialoq qurulmazsa, həmin uşaq itirilir. Çox vaxt olur ki, orta məktəbdə uşaqlara qarşı həm onların sinif yoldaşları, həm müəllimlərinin göstərdiyi şiddət və zorakılıq qapalı qalıb və sonu faciə ilə qurtarıb. Bu zaman uşaqlar yaşadıqlarını valideynlərinə bildirməyiblər, yaxud da bildirsələr də onlara məhəl qoyulmayıb. Belə uşaqlar sonda öz canlarına qəsd ediblər", - deyə o bildirib.


Günel Məlikzadə

News24.az


Chosen
70
news24.az

1Sources