EN

Almaniya Kansleri iki ildən sonra Putinə zəng etdi –BERLİNDƏN və KREMLDƏN AÇIQLAMALAR

Almaniya Kansleri Olaf Şolts təxminən iki ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

 

Senzor.az bildirir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.

 

Onun sözlərinə görə, söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb.

 

Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.

 

Hebeştrayt bildirib ki, Şolts bu telefon danışığından qabaq Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib və Rusiya Prezidenti ilə danışdıqdan sonra bunu yenidən edəcək.

 

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığının olduğunu təsdiqləyib və qeyd edib ki, bu təmas Berlinin təşəbbüsü ilə baş tutub.

 

Kreml Putin-Şolts telefon danışığının bəzi təfərrüatlarını da açıqlayıb.

 

Belə ki, Putin Şoltsa bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna ilə bağlı danışıqlara açıqdır.

 

Kreml bildirib ki, Putin və Şolts köməkçilərinin əlaqə saxlaması barədə razılığa gəliblər.

 

"Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır", - Kreml Putin və Şolts arasında söhbətin yekunlarına dair açıqlamasında bildirib.

 

Putin Berlinin qeyri-dost kursu səbəbindən Rusiya-Almaniya münasibətlərinin görünməmiş deqradasiyasından da danışıb.

 

Putin qeyd edib ki, Rusiya enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirib və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.

 

Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.

Chosen
12
50
senzor.az

10Sources