EN

Kür və Araz çaylarının ekoloji vəziyyəti barədə məruzə dinlənilib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında türkiyəli alim, Hidrosiyasət Akademiyasının meneceri və eksperti Fulya Aydın Kandemir “Kür və Araz çaylarının ekoloji vəziyyətinin qiymətləndirilməsi” (Türkiyə və Azərbaycan əraziləri timsalında) mövzusunda məruzə edib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

İclasa sədrlik edən icraçı direktor dosent Zaur İmrani F.Kandemirin Kür və Araz çaylarının tədqiqinə həsr olunmuş layihə əsasında türkiyəli alimlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana gəldiyini və mövzunun əhəmiyyətini nəzərə alaraq onu məruzə etmək üçün elmi seminara dəvət etdiyini diqqətə çatdırıb.

Antalya Böyükşəhər Bələdiyyəsinin İqlim dəyişikliyi və sıfır tullantı departamentinin tədqiqatçısı, Su Siyasəti Dərnəyi və Hidrosiyasət Akademiyasının mütəxəssisi olan məruzəçi ekspedisiya üzvlərinin layihə ilə əlaqədar Gürcüstan və Ermənistanda da tədqiqat işləri apardıqlarını bildirib. Alimlər bu ölkələrdə adları çəkilən çayların, eləcə də Göyçə gölünün çirklənməsi ilə əlaqədar sənədli filmin çəkilişi barədə razılığa gəliblər.

Araz, Kür çaylarının hədsiz çirklənməsi və quruması barəsində danışan məruzəçi vaxtında tədbir görülmədiyi halda onları da Aral dənizinin taleyinin gözlədiyini bildirib. Alimin sözlərinə görə, bu çayların aid olduğu ölkələr birlikdə çalışmalı və cəmiyyəti daim geniş surətdə məlumatlandırmalıdırlar. Fulya xanım onu da qeyd edib ki, yararsız kanalizasiya sistemləri və ya onların heç olmaması kimi səbəblər təkcə yerüstü deyil, yeraltı suların da çirklənməsinə gətirib çıxarır.

Sonda F.Kandemir iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Chosen
60
tehsil.biz

1Sources