EN

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev

Bakı, TurkicWorld

Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyi tərəfindən irəli sürülən "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır.

TurkicWorld xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl Rəqəmsal Fəaliyyət" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

"Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyi tərəfindən irəli sürülən "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır. Bu sənəd iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal texnologiyalardan istifadə etməklə onların dayanıqlı və aşağı karbonlu olmasını təmin etmək üçün kollektiv öhdəliyimizi əks etdirir.

Bu, əməkdaşlıq məsələsidir. Hökumətlər, biznes, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar birgə çalışaraq, iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən rəqəmsal həlləri tətbiq etməlidir", – deyə o bildirilib.

Qeyd olunub ki, bu platforma iqlim dəyişikliyinə uyğunlaşma, emissiyaların azaldılması və dayanıqlılığın artırılması üçün rəqəmsal texnologiyaların necə sürətləndirici rol oynaya biləcəyini müzakirə etmək üçün unikal bir imkan yaradacaq.

"Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları sektorunun qarşılaşdığı ekoloji çağırışlar nəzərdən keçiriləcək. Davamlı rəqəmsal infrastrukturun yaradılması, inklüzivliyin təmin edilməsi və rəqəmsal uçurumun aradan qaldırılması üçün ehtiyaclar müzakirə olunacaq ki, heç kim kənarda qalmasın.

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi inklüzivliyin əhəmiyyətini vurğulayır. Biz rəqəmsal həllərin ən həssas icmalara, xüsusilə az inkişaf etmiş ölkələrə və kiçik ada inkişaf edən dövlətlərinə çatmasını təmin etməliyik. Bu, hər kəs üçün ədalətli və davamlı iqlim nəticələrinə nail olmaq üçün vacibdir", – deyə o vurğulanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
51
2
turkic.world

3Sources