EN

Tele-istintaq, tele-məhkəmə, tele-axtarış

 

O gün məhkəmə az qala ATV-nin aparıcısı Zaur Baxşəliyivə xəbərdarlıq edəcəkmiş, etməyib. Bəlkə də etməliymiş, etməyib, amma zərərvuran tərəfin belə bir tələbi dəqiq olub.

Qətl işidir, detalları var. İşlə bağlı iki məhkəmə paralel gedir. Birini Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynov aparır, o birini ATV-nin “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev.

Zərərçəkən tərəf ifadələrini “Bizimləsən”də verməyə meyllidir. Görünür, aparıcı soydaş onların dərdinə duyğu ilə yanaşıb, dinləyib, arada təəssüf edirmişcəsinə başını bulayıb.

Ona görə də zərərvuran tərəfin vəkili deyir ki, Zaur Baxşəliyevin verilişində cinayət işində adı keçən şahidə təsir edilib, heç demə, aparıcı efirdə istintaq sirri olan cinayət işinin materiallarını səsləndirib.

Ola bilər ki, elə olub. Ancaq qətlə yetirilənin anası da bildirib ki, televiziyada verilişin aparılması qanunla tənzimlənir və o, televiziya ilə əməkdaşlığını davam etdirəcək.

Bu, təzə trenddir, bizə də başqa ölkələrdən gəlib – xüsusilə də qardaş Türkiyədən.

Gündüz saatlarında nə vaxt baxarsan, Türkiyə TV-lərində hansısa itkündüşmə, qətl, boşanma olayının istintaqı, ibtidai təhqiqatı gedir. Əməlli-başlı. Baxırsan, studiya müstəntiqi rolunda qrimçi, makiyajçı, stilist uzmanların səyi nəticəsində gözəllik yarışmasına qatılası hala gəlmiş qadın aparıcı “gözlərində min bir sual” və mütəəssir olmuş sifətlə cinayət işinin fiqurantlarını sorğu-sual edir. Studiya-məhkəmədə vəkillər, şahidlər, xalq iclasçıları, hamı var. Zərərçəkənlər də mütləq başıyaylıqlı bir qadın və saqqalı kişidir, ifadə verdikcə ağlayırlar. Operator göz yaşlarını iri planda göstərir. Bəzən paralal kadrlar gedir: bir pəncərədə işım-işım işıldayan aparıcı qadın, o biri pəncərədə dərdli və başıyaylıqlı qadın görünür. Elə bil, iki ayrı-ayrı millətin, irqin nümayəndələridir. Aralarında fərq o qədərdir.

Dünən də gərək ki, “Star” televiziyasında Hasan Koç adlı, 4 aydır itkin düşmüş 33-35 yaşlı kişini axtarırdılar. İtkinin valideynləri dövlətin xilasetmə-axtarış işlərinə məsul olan strukturlarını buraxıb oturmuşdular studiyada. Aparıcı qız hər şeyi koordinasiya edirdi: gah Hasanın harada, hansı vəziyyətdə itkin düşə biləcəyinə, dostluq əlaqələrinə dair ifadələr alır, gah da canlı yayımla axtarış aparanlara qoşulur, tv-nin reportyorundan canlı-canlı görüntülər alırdı. Reportyor qız da bildiklərini elə həyəcanla, haray-həşirlə çatdırırdı ki, valideynlər təzədən göz yaşına boğulurdular.

Təsəvvür edin, verilişin ortasında tamaşaçıları ekran qarşısında saxlamaq üçün belə anonslar da verirdilər: “Hasan hayatdamı? Onu ən son kim görmüş? Hasanın kayb oluşunun sırları nə” və sair və ilaxır. Əlbəttə, verilişin əsas məqsədi Hasanı tapmaq deyil, insanların dərləri, tamaşaçıların emosiyaları tamaşaçı hesabına auditoriyası və reklam müqavilələri qazanmaqdır.

Bizdə də başqalarını yamsılamaq adətdəndir axı. Oturaq, gözləyək, dünyanın harasında bir uğurlu, parlaq layihə varsa, götürək, kopyalayaq. Dünyanın hər yerində insanların İQ səviyyəsi, bədii zövqü, eləcə də kütlə psixologiyası eynidir, əgər bir tele-layihə İspaniyada, Fransada tamaşaçı auditoriyası toplayıbsa, mühəqqəq, bizdə də toplayacaq. Yetər ki, istedadla kopyalansın.

Bir də şərait məsələsi var. Bəzi ölkələrdə yayılan tele-şoularda bir villaya cəm edilmiş gənc oğlan və qızların əyləncə və intirqalarını, hətta intim həyatlarını nümayiş etdirərək geniş tamaşaçı auditoriyası yığmaq mümkündürsə, burada elə açıq-saçıqlıqlara imkan verən yoxdur. O vaxt “Qəfəs”i canl yayımda bağlamadılarmı? Gənc olan və qızlar yenicə avtobusla villaya gəlirdilər, şakk, efir kəsildi. Mentalitet məsələsi öz sözünü dedi.

Hərçənd o cür mentalitetə ziddi realiti-şoulara çəkilmək istəyənlər bizdə də çoxdur, elə verilişlərinin daimi tamaşaçıları da N qədərdir. Hamı pisləyəcək, “bu nədir, əxlaqsızlıq baş alıb gedir”, “ailə dəyərləri məhv olur” deyəcəklər, amma verilişin növbəti buraxılışının başlanma saatını səbirsizliklə gözləyəcəklər. Milli mentalitetimiz belə ikili haqq-hesablara yol verir.

Ancaq tele-istintaqların və ya tele-məhkəmələrin də bir ədəbi, çərçivəsi olmalıdır. Birdən yuxarıda qeyd etdiyimiz işlə bağlı aparılan paralel məhkəmənin birində - Zaurun apardığı prosesdə cavabdeh tərəfin günahı tam sübuta yetirildi və adama ömürlük cəza kəsilməsi vacib oldu, o zaman dövlətin məhkəməsinin hökmü necə olacaq?

Yəni proseslər elə aparılmalıdır ki, axırda çıxarılacaq qərardadlar bir-birilə uzlaşsın. Ziddiyyət olsa, qanunlar da zədələnər, tamaşaçılar da narazı qalar, belə verilişlərə maraqlarını itirərlər. Koordinasiya qaçılmazdır.

İndi gərək bu gün vaxt eləyib “Star”a baxım, görüm, Hasan Koç tapıldımı.

 

Chosen
16
musavat.com

1Sources