EN

Müxalifət çıxılmaz durumda: Seçki sonrası proseslər onu göstərir ki…

Gürcüstanın Mərkəzi Seçki Komissiyası bu gün iclas keçirib. İclasda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələri təsdiqlənib. Nəticələrə görə, hakim “Gürcü Arzusu” partiyası 89 (53,93%), “Dəyişiklik üçün Koalisiya” 19 (11,03%), “Vahid Milli Hərəkat” 16 (10,17%), “Güclü Gürcüstan” – 14 (8,81%), “Gürcüstan naminə” isə (7,78%) 12 deputat mandatı əldə edib.

Nəzərə alaq ki, seçkilərin nəticələri müxalifət, Prezident Salome Zurabişvili, Avropa İttifaqı və ABŞ tərəfindən tanınmayıb. Bəzi müxalifət partiyaları yeni seçkilərin keçirilməsini tələb ediblər. Gürcüstan dövlət başçısı S.Zurabişvili bəyan edib ki, ölkə dərin siyasi böhrana girdiyi üçün yeni parlament seçkiləri keçirilməlidir və bu prosesdə Avropa yardımçı olacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə müxalifətin ölkədəki parlament seçkilərində pozuntularla bağlı ittihamlarını rədd edib və vurğulayıb ki, yeni seçkilər olmayacaq.

Maraqlıdır, belə bir fonda Gürcüstanda gələcək ictimai-siyasi proseslər necə cərəyan edəcək? Qərb, xüsusən də ABŞ və Avropa İttifaqı necə davranacaq? Gürcüstanın xarici siyasətində hansı dəyişikliklər gözləniləndir?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, seçkinin nəticələrinin açıqlanması əslində heç nəyi dəyişmir.

Onun sözlərinə görə, Gürcüstanda hakimiyyət uğrunda mübarizə gedir və bu mübarizə böyük ölçüdə seçkinin nəticəsindən asılı deyil: “Seçki keçirilib və tərəflərin də mövqeyi əvvəldən bəllidir. Müxalifətin məğlub olacağı durumda seçkinin nəticələrini tanımayacağı da əvvəlcədən bəlli idi. Gürcüstanda məsələ seçkinin nəticələri yox, hakimiyyətdə kimin olmasıdır. Seçkilər sadəcə bunun üçün vasitədir. Hakimiyyət uğrunda mübarizə gedir və bu mübarizə böyük ölçüdə seçkinin nəticəsindən asılı deyil. Seçki hakimiyyətə legitimlik verilməsi üçün lazımdır, amma ehtiyac halında seçkinin nəticələrinin ikinci plana keçəcəyi də bəlli idi. Bir sözlə, nə hakimiyyət iqtidarı əldən verməyəcəkdi, nə də müxalifət bunu qəbul edəcəkdi. Amma seçki sonrası proseslər onu göstərir ki, müxalifət çıxılmaz durumdadır. Resursları hakimiyyəti devirməyə yetmir. Onun üçün də prosesləri zamana yayırlar ki, hakimiyyət legitimlik əldə edə bilməsin”.

A.Qasımov vurğulayıb ki, ABŞ-dəki prezident seçkilərindən və Donald Trampın qələbəsindən sonra gürcü müxalifətinin ümidləri bir az qırılıb: “Hələ ki, Trampın siyasətindəki nüanslar geniş miqyasda bəlli deyil. Odur ki, müxalifət bu məsələnin də dəqiqləşməsini gözləyir. Hesab edirəm ki, Gürcüstanda məsələ böyük ölçüdə həll edilib. Rusiya da Abxaziyanın geri qaytarılması prosesinə start verib kimi görünür. Abxaziyadakı son günlər davam edən hadisələr belə fikirləşməyə əsas verir. Abxaz hakimiyyəti və prezidentinin qaçdığı qeyd edilir. Avropa və Qərbin burda rolu Trampın Ukrayna müharibəsi ilə əlaqəli  yürüdəcəyi siyasətdən asılı olacaq. Əgər müharibə səngiyəcəksə və hansısa razılıq əldə ediləcəksə, Gürcüstanda da hadisələr sona çatacaq”.

Siyasi şərhçinin qənaətincə, gürcü müxalifətinin bu proseslərdə qazancı həbsdəki eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılmasına nail olmaqdır: “Böyük ehtimalla, bu, belə olacaq. Gürcüstan hakimiyyətinin xarici siyasətinin konturları böyük ölçüdə bu hakimiyyət dövründə bəllidir. Onu Rusiya yönlü olmaqda ittiham edirlər ki, bu da əsassız deyil. Əgər işğal olunmuş torpaqlarını geri qaytarmaq mümkün olacaqsa, qeyd edilən Rusiya yönlü siyasət açıq hal alacaq”.

Turan ORUC

Chosen
64
medianews.az

1Sources