EN

Elman Abdulla oğlu Əfəndiyev

Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz vermişdir. Uzun illər Azərbaycan neft sənayesində çalışmış Elman Abdulla oğlu Əfəndiyev ömrünün 88-ci ilində vəfat etmişdir.

Elman Əfəndiyev 25 may 1936-cı ildə Qəbələ rayonunda anadan olmuşdur. 1953-cü ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Neft və Kimya İnstitutuna (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuş, 1958-ci ildə institutu neft və qaz quyularının qazılması ixtisası üzrə bitirmişdir.

Mənalı və şərəfli həyat yolu keçən Elman Əfəndiyev əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyinin “Ordjenikidzeneft” Neft Mədən İdarəsində qazmaçı köməkçisi kimi başlamış daha sonra həmin idarədə qazma kontorunun ustası işləmişdir. 1967-ci ildən 1969-cu ilə qədər Serebrovski adına Neftqazçıxarma İdarəsinin qazma kontorunda texnoloji şöbənin böyük mühəndisi, daha sonra isə həmin şöbənin rəisi olmuşdur. 1969-cu ildən 1988-ci ilə qədər “Xəzərdənizneft” Birliyinin Texniki şöbəsində böyük mühəndis, Texnoloji şöbənin rəisi, Standartlaşdırma və metrologiya üzrə texniki şöbənin rəisi və Kadrlar şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1988-ci ildən 2001-ci ilə qədər SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq “Xəzərdənizneftqaz” Sənaye Birliyinin Kadrlar şöbəsinin rəisi, ARDNŞ-nin “Azneft” Neft və Qazçıxarma üzrə Baş İdarəsində Kadrlar şöbəsinin rəisi və Dənizdə Neft və Qazçıxarma üzrə istehsalat Birliyində Kadrlar şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin Kadrlar şöbəsinin rəisi və Kadrlar və sosial siyasət şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2013-cü ildən isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” MMC-nin aparıcı mütəxəssisi olmuşdur.

Elman Əfəndiyevin fəaliyyəti daim diqqət mərkəzində olmuş, əməyi yüksək qiymətləndirilmişdir. O, keçmiş Sovet İttifaqının “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikası “Əmək Veteranı” medalına, Fəxri fərmanlara və “SSRİ qaz sənayesi əlaçısı” nişanına layiq görülmüşdür. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2014-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Zəngin təcrübəyə, yüksək təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik rəhbər işçi, peşəsinin vurğunu kimi neftçilərin dərin rəğbətini qazanmış Elman Əfəndiyevin əziz xatirəsi bütün neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayacaqdır. 

ALLAH rəhmət eləsin!

SOCAR kollektivi adından

Chosen
42
ikisahil.az

1Sources