EN

Bir əldə iki qarpız tutmaq olmaz!

Cavid Hüseynov “Turan Tovuz”dan ayrılandan dərhal sonra Kurban Berdıyev növbəti azərbaycanlı köməkçisinin adını açıqladı.

Uzun müddətdi praktik məşqçi işindən uzaq düşən Yunis Hüseynov türkmənistanlı mütəxəssislə çiyin-çiyinə çalışacaq. Fevralın 1-də 60 yaşını tamamlayacaq Hüseynovun bundan sonra nəyisə öyrənməsinə ehtiyac varmı? Maraqlı sualdı, amma indi durub bunun ətrafında “gəzişsək”, deyəcəklər ki, Yunis bəyi gözünüz götürmür.

Əslində diqqətimizi çəkən başqa məqam da var. Yunis bəy AFFA-nın elit-məşq layihəsində çalışmaqla yanaşı, həm də Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının sədridi. O, “Turan Tovuz”la anlaşandan sonra “Futbol+”ə verdiyi açıqlamada FİF-dən ayrılmaq niyyətində olmadığını deyib ki, fikrimizcə, bu da ən azı etik cəhətdən düz deyil. Dəlilimiz çoxdu: Yunis bəy ölkə futbolunun müxtəlif liqalarında yarışan, pulsuzluqdan əziyyət çəkən klublar üçün yeni maliyyə mənbələri tapmağa çalışan qurumda rəhbər şəxslərdən biridi. Sırf fəaliyyətindən dolayı klubların maliyyə durumu ilə bağlı ictimaiyyət üçün məxfi sayılan informasiyaya malikdi. Amma indi həm “Turan Tovuz”un uğuları həm də, məsələn, bu klubun əsas rəqiblərindən olan “Kəpəz”in pul tapması üçün çalışacaq. Belə nonsensə hüquqi dildə “maraqların toqquşması” deyilir.

Odu ki, nə qədər gec deyil, Yunis bəyin FİF-dən uzaqlaşaraq bütün gücünü, biliyini və potensialını “Turan Tovuz”un uğurları üçün sərf etməsi daha yaxşı olardı. Maraqların toqquşması yaxşı hal deyil!

ORXAN

Chosen
63
football-plus.az

1Sources