EN

Prezident görüşlər keçirib - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı COP29-un uğurla keçdiyini deyərək vurğulayıb ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib. Prezident İlham Əliyev qeyd edib ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirib.

Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-nin ölkəmizə dəstəyi xatırlanıb, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olunub.

Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlət başçısına minnətdarlığını bildirib.

Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşlıqlı faydalı əməkdaşlığımızı qeyd edib.

Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxundu, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırlayıb və bu müqaləvinin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğulayıb, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini deyib.

Dövlət başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxunub, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd edib. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.

Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğulayıb, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını vurğulayıb. Dövlət başçısı Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirib və Avropa İttifaqı bazarının enerji tələbatının artmaqda olduğunu deyib.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.

Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğuladı, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırlayıb.

Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlət başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.

Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib. Bildirib ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.

Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olundu, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşüb.

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyib və bu gün Bakıda COP29 ilə əlaqədar keçiriləcək avarçəkmə yürüşünün yüksək səviyyədə təşkil edildiyini və bunun üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev qonaqların bu tədbirdə iştiraklarına görə minnətdarlığını bildirib.

Bu tədbirin ən yüksək səviyyədə təşkil edildiyini deyən Tomas Konietzko burada iştirakçıların rahatlığı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Prezident İlham Əliyev COP29-a hazırlıq vaxtının az olmasına baxmayaraq bütün təşkilati işlərin qısa zamanda həyata keçirildiyini qeyd edib.

Qonaq Qarabağa, Suqovuşana səfər etdiklərini məmnunluqla deyərək, orada görülən bərpa-yenidənqurma işlərinin, idmanın inkişafının, o cümlədən avarçəkmə üçün yaradılan şəraitin çox böyük təəssürat bağışladığını deyib. O, ölkəmizdə kanoe idman növü üçün də yaxşı şəraitin yaradıldığını vurğulayıb və buna görə dövlət başçısına minnətdarlığını bildirib.

Azərbaycanın idmanın, o cümlədən idmanın avarçəkmə növünün inkişafında böyük rol oynadığını deyən qonaq bunun da ətraf mühitin qorunmasına töhfə verdiyini bildirib.

Qonaqlar dövlət başçısına xatirə hədiyyələri təqdim ediblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

Maimuna Mohd Şərif Prezident İlham Əliyevə COP29-da yerli icmalar statusunda Kuala-Lumpur şəhərinin meri kimi çıxış etməsinə yaradılan imkana və COP29-da Azərbaycanın sədrliyi yanında yaradılmış Məşvərət Şurasına daxil edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaq COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub, ölkəmizin 2026-cı ildə BMT-nin ən vacib tədbirlərindən biri olan Dünya Urban Forumuna ev sahibliyi edəcəyi məmnunluqla vurğulanıb və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirilib.

Görüşdə Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olunub, işğaldan azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulanıb.

Söhbət zamanı Bakı və Kuala-Lumpur arasında əməkdaşlığın inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması məsələsinə toxunulub, Bakının və Kuala-Lumpurun qardaşlaşmış şəhərlər kimi əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Bütövlükdə, Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədikləri qeyd edilib. Siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Dövlət başçısı COP29-da iştirak etdiyinə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.

Salim bin Məhəmməd əl-Maliki, öz növbəsində, COP29-un yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Bu xüsusda Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Maliki ilə görüşünün onda çox xoş təəssüratlar doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.

Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.











Chosen
34
13
qafqazinfo.az

10Sources