EN

Bir donor səkkiz xəstəni yaşada bilər – MÜSAHİBƏ + FOTOLAR

Donor olmaq, öldükdən sonra orqanını bağışlamaq hər insana qismət olmur. Bu, böyük savab, xoşbəxtlikdir, deyirlər. Çünki bir orqan donoru səkkiz, bəzən də on insanın həyatını xilas edə bilər. Bu səbəbdən də düşünülür ki, insanın ən böyük mirası xilas etdiyi həyatlardır. Lakin donor çatışmazlığı bu gün də bütün dünyanın qarşılaşdığı problemlərdəndir. Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir.

Medianews.az “Kaspi” qəzetinə istinadla ölkəmizdə transplantasiya və orqan donorluğuna münasibət, bu sahədə yeniliklərlə bağlı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ilə müsahibəni təqdim edir:

– Yeganə xanım, Azərbaycanda orqan bağışlamaq istəyənlər hara müraciət etməlidir və prosedur necədir?

– Hər bir Azərbaycan vətəndaşı ölümündən sonra və canlı olaraq orqan bağışlaya bilər. Canlı olaraq kök hüceyrə, sümük iliyi, yaxın qohumlara isə böyrək və qaraciyəri bağışlamaq mümkündür. Orqanını bağışlamaq istəyən şəxs Orqan Transplantasiya Mərkəzinə müraciət etməlidir. Bununla bağlı xüsusi ərizə formamız var. Bu forma Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunub. Vətəndaş ölümündən sonra hansı orqanını vermək istəyirsə, orqanı seçərək işarələyir və imzalayır. Bunu imzalamaq o demək deyil ki, ölümündən sonra mütləq orqanını verəcəksən. Hər ölən şəxsin orqanı yararlı olmur. Orqanın bağışlanması üçün insan dünyasını dəyişən vaxt mütləq süni tənəffüs aparatında olmalıdır ki, ağciyərlərə oksigen getsin. Xəstənin beyin ölümü reallaşıbsa, ürək işləyir. Əgər insan sağlığında donor olmaq istəyibsə və ya yaxınları onun orqanlarının götürülməsinə razılıq veriblərsə, həkim reanimatoloqlar onu iki, maksimum üç gün saxlaya bilirlər. Çünki ürək öz sinir sistemi hesabına beyindən siqnal gəlməsə belə, iki gün döyünə bilir. Həmçinin insan var ki, 18 yaşında donor olmaq istəyir, formanı imzalayır, lakin 90 yaşında böyrək çatışmazlığından dünyasını dəyişir, orqanları yararlı olmur. Yəni orqanlarını bağışlamaq hamıya qismət olmur.

– Bu formanı imzalayan şəxsin beyin ölümü reallaşdıqda, orqanları yararlıdırsa, bu məlumat sizə necə bildirilir? Azərbaycanda belə struktur varmı?

– Əgər komada olan xəstə varsa, bizə xəbər daxil olur. Respublika üzrə bütün xəstəxanaları təqib edirik. Hər gün o xəstəxanaların reanimasiya şöbəsinə zəng olunur, xəstələrin vəziyyəti ilə maraqlanırıq. Əgər məlumat daxil olsa ki, xəstənin vəziyyəti pisləşir, bizim nümayəndə oraya gedir və reanimatoloqla görüşür. 2023-cü ildə tərtib etdiyimiz və Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiq olunan beyin ölümü protokolu var. Protokol isim.az saytında yerləşdirilib. Protokola əsasən, xəstəyə beyin ölümü diaqnozu qoyulursa və onun adı bizim reyestrdə varsa, orqanları götürülür.

– Dünyada orqan transplantasiyası ilə bağlı razılıq protokolları var. Azərbaycan hansını tətbiq edir?

– Dünyada Opt-In (İstəyə bağlı sistem), Opt-Out (İstəyə bağlı olmayan sistem) sistemini tətbiq edən ölkələr var. Azərbaycan Opt-In sistemini tətbiq edir. Bizim vahid informasiya bazamızda ölümündən sonra donor olmaq istəyən və istəməyən insanların reyestri var. Əgər insan sağlığında gəlib, həmin formanı imzalayıb “yox” deyirsə, onun heç qohumları ilə də orqan transplantasiyası ilə bağlı söhbət aparılmır, çünki əvvəldən razılıq verməyib. Bu formanı imzalayıb təsdiqləyən insanların isə qohumlarından soruşulmadan orqanları götürülür. Üçüncü növ insanlar isə neytrallardır. Yəni nə razılıq veriblər, nə də yox deyiblər. Onların qohumları ilə söhbət aparılır. Köhnə sovet məkanı Opt-Out idi. Yəni meyit dövlətin sayılırdı və orqanlarını istifadə etmək dövlətin haqqı idi. Belə ki, ölən şəxs süni tənəffüs aparatına bağlıdırsa və beyin ölümü təsdiq edilirdisə, orqanları götürülürdü. Məhz bu səbəbdən sovet dövründə insanlar xəstələri ağırlaşanda deyirdilər, verin, evə aparaq. Çünki ölünün yarılmasını istəmirdilər. Hazırda ABŞ və İspaniya bu sistemi tətbiq edir. Bizdə isə vətəndaş buna özü qərar verməlidir. Özü istəmirsə, qohumundan icazə almaq lazımdır, qohumu da istəmirsə, meyitin orqanları götürülə bilməz.

– Maraqlıdır, Azərbaycanda donor olmayan insanın orqanlarını almaq üçün qohumları ilə söhbət aparmısınızmı və nəticə necə olub?

– Bəli, iki beyin ölümü hadisəsini bizə xəbər veriblər. Biz getdik, xəstənin qohumları ilə söhbətlər apardıq, imtina etdilər. Hətta xəstələrdən birinin özünə böyrək lazım idi, dializdə olan xanım idi. O, iki orqan gözləyən şəxsə qaraciyərini verə bilərdi. Lakin ailə razılaşmadı.

– Bəs hazırda donor olmaq üçün müraciət edən varmı?

-Var. İlk olaraq, özüm imzalamışam, amma say azdır. Əminik ki, bu say artacaq.

– Donor olmaq istəyən insanların az olması sizi narahat edirmi?

– Xeyr, bu, normaldır. İspaniyada bizim kimi mərkəz yaranandan 10 il sonra insanlar orqanlarını bağışlamağa başlayıblar. Türkiyədə mərkəz 1979-cu ildə yaranıb, orqan verməyə isə 2005-ci ildə başlayıblar. Bu dövr ərzində onlar da danışıblar və “yox” cavabını alıblar. Bu baryer ancaq zaman və maarifləndirmə ilə aşıla bilər. Hazırda 4 min Azərbaycan vətəndaşı dializdədir. İldə 60-a yaxın qaraciyər gözləyən xəstə dünyasını dəyişir.

– Ən çox hansı orqana ehtiyac var?

– Bütün dünyada ən çox ehtiyac duyulan orqan böyrəkdir. Sonra qaraciyər, ürək, ağciyər gəlir. Həmçinin kök hüceyrə, sümük iliyi donorlarına da ehtiyac çoxdur.

– Azərbaycanda kök hüceyrə bankı formalaşacaq. Bunun əhəmiyyəti nədir?

– Azərbaycanda 2014-cü ildən bu günə qədər 200-ə yaxın sümük iliyi transplantasiya əməliyyatı olub. Amma bu əməliyyatlar ancaq bacı-qardaş bir-birinə uyğundursa həyata keçirilib. Donoru olmayan əməliyyat ola bilmir və bu say kifayət qədər çoxdur. Bizim kök hüceyrə bankımız olsa, özümüz onlara donor təqdim edə bilərik. Bu adi qanvermə prosedurudur. İnsanlar donor olmaq üçün razılıq verir, formanı imzalayır, biz onu müayinə edirik və kök hüceyrə bankında, reyestrdə qeydiyyata düşür. Ona uyğun pasiyent olsa, donordan yalnız 300 ml qan götürülür və bu, kiməsə həyat verir. İnsanlar bilmirlər və bunu təhlükəli hesab edirlər, amma çox sadədir. Sadəcə qan verirsən və həyat xilas edirsən. Üstəlik, həmin insan reyestrdə olsa belə, istənilən vaxt donor olmaqdan imtina edə bilər.

– İnsanlar arasında hətta ekspertizada belə “filankəsi kəsib, doğradılar”, “yardılar” kimi şüuraltına yeriyən və dəhşətli sayılan ifadələr var. Hansı ki, bu ifadələr donor olmaq istəyən insanları qorxudur. Bir meyitdən orqan necə götürülür?

– Canlı insan necə əməliyyat edilirsə, meyitdən də orqanlar həmin formada götürülür. Meyit aparatda olarkən əməliyyatxanaya aparılır, qarın boşluğu açılır, orqanlar götürülür, sonra orqanların yerinə silikon yerləşdirilir və səliqəli şəkildə tikilir. Daha sonra meyit qohumlarına təhvil verilir, dəfn edilir. Orada dəhşətli heç nə görünmür. Orqan onsuz da torpağa qarışır, amma donor olduqda, kiminsə bədənində yaşayır, kiməsə həyat verir.

– Ailə orqan verdiyi adamı tanıyırmı?

– Xeyr, bu, tam məxfidir. Elə bu işin savabı da onun məxfiliyindən irəli gəlir. Canlı donor isə, sümük iliyi və kök hüceyrə xaric olmaqla, orqanı kimə verdiyini tanıyır. Çünki bu, adətən, yaxın qohumlar arasında olur.

– Canlı donor ancaq qohumlar arasında olur, yoxsa yad adam da canlı donor ola bilər?

– Ola bilər. Amma bunun təhlükəsi də var. Yad adamın canlı donor olması orqan alverinə səbəb ola bilər. Bu səbəbdən 2023-cü ilin fevral ayında Səhiyyə Nazirliyinin nəzdində Etika komissiyası yaradılıb. Azərbaycan qanunvericiliyində yaxın qohum ata, ana, nənə, baba, bacı, qardaş, ər-arvad (əgər 2 ildən artıq evlidirsə) sayılır. Əgər canlı donor yaxın qohum deyilsə, biz bütün sənədləri toplayıb Etika komissiyasına təqdim edirik. Komissiya araşdırır və qərar verir. Donor bütün sənədlərlə tanış olaraq, razılıq imzasını atsa belə, qohum olmayan donorla bağlı son qərarı Etika komissiyası verir.

– Transplantasiya əməliyyatları bahalı əməliyyatlar hesab olunur. Hazırda dövlət tərəfindən hansısa güzəştlər tətbiq olunurmu?

– Bəli, bahalıdır. Amma dövlət tərəfindən də bu xəstələrə müəyyən güzəştlər olunur. Məsələn, 2016-cı ildən xroniki böyrək xəstəliklərinin müalicəsi proqramı var və dövlət tərəfindən hər il müəyyən qədər vəsait ayrılır. Təqribən hər il 30-35 xəstəyə böyrək transplantasiyası həyata keçirilir. 2014-cü ildən talassemiyaya qarşı mübarizə proqramı çərçivəsində hər il vəsait ayrılır, əgər donor varsa, sümük iliyi transplantasiyaları olunur. 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti tərəfindən sümük iliyi transplantasiya xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq qanunvericilik aktı imzalanıb. Bu qanunvericiliyə əsasən, Azərbaycanda donoru olmayan və sümük iliyi transplantasiyasına ehtiyacı olan vətəndaşlar üçün Türkiyədəki bankdan axtarış olunur, orada donor tapılarsa, həmin vətəndaşlar Türkiyəyə göndərilir və orada əməliyyat olunurlar. Bundan əlavə, 2023-cü ilin avqustun 4-dən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə də müvafiq sayda böyrək, qaraciyər və sümük iliyi transplantasiyası əməliyyatları daxil edilib.

– Bəzi insanlar meyitdən orqan götürülməsini günah hesab edir. Bu səbəbdən də prosesə qarşı çıxırlar. Buna münasibətiniz necədir?

– Mən beş il Səudiyyə Ərəbistanında reanimasiya şöbəsində işləmişəm, bizə hər gün mərkəzdən zəng edirdilər ki, meyit orqanı üçün donorunuz varmı? Ərəb ölkələri içində Səudiyyə Ərəbistanı orqan bağışlamaq üzrə ikinci yerdədir, birinci yerdə Küveytdir. Orada insanlar normal şəkildə ölümündən sonra orqanlarını bağışlayırlar.

– Dünyada ksenotransplantasiya (heyvandan orqan köçürülməsi) tətbiq olunur? Biz bunu tətbiq edə bilərikmi?

– Bizim qanunvericilikdə ksenotransplantasiyaya icazə verilmir. Qanunvericiliyin öz incəlikləri var, məsələn, beyin ölümü keçirən meyitdən orqan bütün dünyada uşaq anadan olan andan götürülə bilər, amma bizim ölkədə bir yaşından götürmək olar. Bir yaşına qədər beyin ölümü diaqnozu qoyulsa belə, orqanların götürülməsinə icazə verilmir.

– Yeganə xanım, ölən bir insan neçə insana həyat verə bilər?

– Bir donor səkkiz insana həyat verə bilər. Buynuz qişa, qaraciyər, böyrək, ağciyər iki şəxsə köçürülür, ürək bir adama verilir. Həmçinin mədəaltı vəz, incə bağırsağın köçürülməsi mümkündür.

– Əgər canlı donor olan şəxsin gələcəkdə özünün donora ehtiyacı olarsa, onunla bağlı hansısa güzəştlər nəzərdə tutulurmu?

– Bəli. Bütün dünyada orqanını bağışlamış donorlara güzəştlər tətbiq olunur. Nə vaxtsa canlı donor olan şəxslərin gələcəkdə donora ehtiyacı olarsa, orqan gözləyənlərin siyahısında ilk sıraya çıxarılırlar. Sistem özü onları görür və önə çəkir.

Chosen
57
medianews.az

1Sources