EN

İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan gedib

Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloni artıq ölkəni tərk edib.

Bu barədə Apa-ya diplomatik mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu.

Apa diplomatik mənbələrdən dəqiqləşdirib ki, əslində, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü - günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb.

Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı otelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, otelə getməyib, qəfil COP29-da görünüb. Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona ABŞ-ın qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Peloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan imtina edib. Onu oteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Pellone, rədd ol!”, “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib.

Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün oteldən bayıra çıxa bilməyib. Dünən növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin və ictimai fəallarının Peloninin qaldığı otelin qarşısında “Pellone, rədd ol!”, “Pellone - sərhəd pozucusu”, “Pellone, cavab ver” şüarları ilə etiraz aksiyasından sonra Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa çalışıb.

Oteldə çoxsaylı xarici qonaqlar olduğundan içəridə də pərt vəziyyətinə düşüb, lakin oteldən çıxmağa da qorxub.

Onun otel pəncələrindən yaxınlıqda görünən Hərbi Qənimətlər Parkında və Zəfər Tağında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antitterror əməliyyatı ilə “Böyük Ermənistan mifi”nin necə məhv olmasını ürək ağrısı ilə izlədiyi, otelin belə yerdə seçiminə görə köməkçilərini sərt danladığı da bildirilir.

Peloninin hava işıqlanmamış - səhərəyaxın oteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb.

Xatırladaq ki, F.Peloni ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.

Chosen
29
49
qaziler.az

10Sources