EN

Zəfər parkı tarixi Qələbəmizin simvoludur ŞƏRH

Prezident İlham Əliyevin Bakıda Zəfər Parkının açılışında etdiyi çıxış, Azərbaycanın tarixi və hərbi uğurlarını qeyd etməklə yanaşı, ölkənin gələcək inkişafı, milli qürur və suverenliyini gücləndirən əhəmiyyətli məqamları əks etdirir. Dövlət başçısı çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni, xalqın birliyini və ordunun qəhrəmanlığını vurğulayaraq, Zəfər Parkının bu böyük uğurun simvolik təcəssümü olduğunu bildirmişdir.

Xüsusi vurğulanan məqam, Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının geri qaytarması və bu prosesdə beynəlxalq hüququn prinsiplərinin qorunması idi. Zəfər Parkında 2020-ci ilin Vətən müharibəsinin, Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etməsi baxımından önəmli bir səhifə olduğunu qeyd edən Ali Baş Komandan İlham Əliyev bildirib ki, bu tarixi Qələbə ölkənin milli qürurunu gücləndirmiş və xalqın birliyinin sarsılmaz olduğunu sübut etmişdir.

Artıq 4 ildir ki, Müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur.

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulamışdır: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.

44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində düşmən məğlub oldu və ötən ilin sentyabrındakı bir günlük lokal antiterror aksiyasindan sonra isə 30 ildən çox işğal altında qalmış torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Şanlı Qələbəmizin əbədiləşdirilməsi, müharıbədə əsgər və zabitlərimizin şücaətini əyani göstərmək məqsədi ilə 2021-ci il aprelin 12-də Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu il noyabrın 8-də isə Bakıda Zəfər parkı açılışı oldu. Həmin gün abidənin açılışını edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də xalqımıza müraciət edib. Qeyd edilib ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Zəfər Parkının açılışında Prezident İlham Əliyevin xalqa etdiyi müraciəti, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbəni qeyd etməklə yanaşı, bu qələbənin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və milli birliyi üçün nə qədər mühüm olduğunu vurğulayan dərin məna daşıyan bir çıxış idi.

Zəfər Parkının açılışı ilə Prezident İlham Əliyev bir daha Azərbaycan xalqının və dövlətinin mübarizə əzmini və birlikdə qazandığı böyük zəfəri vurğuladı. O, bu parkın, həm də bir milli irsə çevriləcəyini və hər bir Azərbaycan vətəndaşının qələbə ruhunu yaşadacağı bir yer olacağını qeyd etdi. Park, həmçinin, şəhidlərimizin əziz xatirəsinə bir abidə olaraq, gələcək nəsillərə müharibənin və qələbənin nə qədər böyük bir əhəmiyyət kəsb etdiyini anlatmağı hədəfləyir.

Zəfər parkı yalnız fiziki məkan deyil, həm də bir simvol olaraq, Azərbaycanın tarixi zəfərini, müstəqillik uğrunda mübarizəni və ərazi bütövlüyü uğrunda xalqın verdiyi mücadiləni təmsil edir. Bu parkda, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsini və bu mübarizədə şəhid olanların xatirəsini əziz tutan müxtəlif abidələr və memarlıq nümunələri mövcuddur. Zəfər Parkı Azərbaycanın müasir tarixinin simvolu olaraq, müharibə və sülh, qəhrəmanlıq və şəhidlərimiz haqqında xatirələrin yaşadığı bir məkana çevriləcək.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Chosen
44
sesqazeti.az

1Sources