EN

Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun direktoru ilə görüşüb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 16-da Baş Prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Baş Prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirərək iki ölkə arasında ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev, bunun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu qeyd edib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə keçirilən COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayan qonaq tədbir çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Baş prokuror Kamran Əliyev isə COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya zamanı Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın təsirli çıxışını təqdir edib.

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Kamran Kamran
Chosen
17
28
apa.az

10Sources