EN

Bu günə qədər COP29 konfransında hansı sazişlər imzalanıb?

COP29 konfransının 8-ci günüdür və Bakı şəhərində keçirilən bu tədbir çərçivəsində bir sıra mühüm sazişlər imzalanıb.

İlk günün ən əhəmiyyətli nəticələrindən biri Paris İqlim Sazişi çərçivəsindəki 6.4 maddəsi üzrə böyük bir irəliləyişin əldə olunmasıdır. Bu, karbon kreditləri bazarının qurulması və inkişafı üçün əsaslı metodologiyaların təsdiq edilməsini əhatə edir. Bu razılaşma karbon istifadəsini azaltmaq məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirəcək və inkişaf etməkdə olan ölkələrə dəstək verməyi təmin edəcək.

Bundan əlavə, digər mühüm sazişlər də imzalanıb ki, bunlar qlobal miqyasda iqlim maliyyəsinin daha effektiv şəkildə istiqamətləndirilməsi və davamlı inkişafın dəstəklənməsi məqsədini güdür. Bu addımlar dünya üzrə sıfır emissiya məqsədinə çatmaq üçün daha geniş və sürətli hərəkətə keçilməsinə zəmin yaradacaq.

Bəs daha hansı sazişlər imzalanıb?
 

Musavat.com bildirir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu barədə öz sosial media hesabında qeyd edib:

“COP29 çərçivəsində indiyədək bir sıra mühüm sazişlər və əməkdaşlıqlar imzalanıb.

Həmin sazişlərdən bəziləri bunlardır:

1. Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.

2. SOCAR və BƏƏ-nin “IntelliGrid” şirkəti arasında Azərbaycanın enerji infrastrukturunun 13 il müddətində transformasiyası (“Azəriqaz”ın modernləşdirilməsi, Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin qurulması və s.) üçün süni intellekt əsaslı həllərin tətbiqini nəzərdə tutan 480 milyon dollarlıq saziş imzalanıb.

3. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon dollar məbləğində saziş imzalanıb. Bu saziş ticarətin maliyyələşdirilməsi sahəsində yaşıl istiqamətli imkanların genişləndirilməsini hədəfləyir.

4. “SOCAR Green” MMC, BƏƏ-nin “Masdar” şirkəti, AYİB və Avropa İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Azərbaycanda 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin icrası ilə bağlı saziş imzalanıb. Müqavilənin ümumi dəyəri 670 milyon dollardır.

5. “Azərenerji” ASC və “GE Vernova” şirkəti arasında Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100% hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi üzrə saziş imzalanıb. Layihənin məbləği açıqlanmayıb.

Düşünürəm ki, imzalanan bu sazişlər, reallaşdırılması nəzərdə tutulan layihələr həm də iqlim dəyişmələrinin təsirilərini azaltmaqda, ölkəmizdə bərpa olunan enerjinin xüsusi çəkisinin artmasında, emissiyaların azaldılmasında mühüm töhfələr verəcək.

SOCAR və BƏƏ-nin “IntelliGrid” şirkəti arasında bağlanan, uzunmüddətli investisiya yönümlü və emissiyaların azaldılmasına yönəlik layihə də mühüm əhəmiyyət kəsb edir.

Ağıllı Qaz Şəbəkəsi uzun illərdir ki, ölkəmizdə reallaşa bilmir. Gah mexaniki sayğacı ağıllıya, gah da ağıllı sayğacı mexanikiyə keçirirlər.
Bu baxımdan yaradılması nəzərdə tutulan süni intellekt əsaslı həllərin real vaxtda monitorinqlər aparmağa imkan verəcəyini, bu sahədə itkilərin səbəblərini tez müəyyən edilərək aradan qaldırılmasına kömək olacağını düşünürəm.

Qeyd olunan sazişlər ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də COP29 çərçivəsində belə anlaşmaların əldə edilməsi diqqət cəlb edəndir.

Ümumiyyətlə, düşünürəm ki, yuxarıda adı çəkilən bütün layihələrlə bağlı şəffaflığın təmin edilməsi, ictimai təqdimatların keçirilməsi, ictimai vəsaitlər üzərində ictimai nəzarət imkanlarının yaradılması, maraqlı tərəflərin bu proseslərə cəlb edilməsi üçün münbit şəraitin yaradılması da çox vacibdir”.

Chosen
10
4
oxu24.com

7Sources