EN

Özəlləşdirmə çekləri: Yenidən istifadə olunacaq? - RƏYLƏR

47 müəssisə və obyektin özəlləşdirilməsi çərçivəsində 21 müəssisə və obyekt artıq özəlləşdirilib, qalan müəssisə və obyektlərin özəlləşdirilməsi, investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Nazir müavini qeyd edib ki, "Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən pay almaq hüququnu reallaşdırmaq istəyən 1 milyon vətəndaş özəlləşdirmə çeklərinin dövriyyə müddətinin bərpa olunmasını gözləyir.

Məsələ bir ildən çoxdur ki, Konstitusiya Məhkəməsində (KM) araşdırılır, lakin hələ də bir nəticə yoxdur. 

Xatırladaq ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən hər bir vətəndaşa pay düşməsini təmin etmək üçün əhaliyə 1997-ci ildən dövlət tərəfindən qorunan özəlləşdirmə paylarının verilməsinə başlanıb. 1 pay 4 opsiondan-çekdən ibarət olub.

Bu çeklərin, dövlətin qiymətli kağızının tədavül müddətinin 2011-ci ildə bitməsindən narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.

Maraqlıdır, yeni qanun layihəsi ilə özəlləşdirmə çekləri ilə bağlı məsələ aktivləşə bilər?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda özəlləşdirmə çeklərinin müddəti bitib:

"Bu vaxtın uzadılması üçün ya Nazirlər Kabinetinin, ya da dövlətin xüsusi qərarı olmalıdır. Özəlləşdirmə çeklərinin hər hansı bir formada "reanimasiya" olacağını düşünmürəm.

Bildirim ki, özəlləşdirməyə çıxarılan obyektlərin sayının az olması ilə yanaşı onların əhəmiyyətləri də aşağıdır. Dövlətin ciddi əhəmiyyət kəsb etdiyi obyektlər hələlik özəlləşdirməyə çıxmayıb. Çeklərlə bağlı ajiotaj olsa da, hazırda qanuna görə onların müddəti bitib".

Milli Məclisin deputı Ceyhun Məmmədov isə vurğulayıb ki, qanunla və sənədlə tanış olduqdan sonra bu barədə dəqiq fikir bildirmək olar:

"Hesab edirəm ki, bunun üçün də bir müddət gözləməliyik. Ola bilsin ki, bu qanunda da özəlləşdirmə çekləri ilə bağlı müəyyən məqamlar öz əksini tapsın.

Çünki bu məsələ ilə bağlı insanlar tərəfindən bizə çoxsaylı müraciətlər edilir. Hər halda dövlət qurumları və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı ətraflı məlumat verdikdən sonra özəlləşdirmə çeklərinin necə olacağı barədə dəqiq müzakirə apara biləcəyik". 

Chosen
39
cebheinfo.az

1Sources