EN

Yaşıl artım ölkəsi

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpaolunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambisiyalı meqalayihələr həyata keçirir”. Bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlərin dialoqu: Bərpa olunan mənbələrdən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların artırılması” mövzusunda tədbirdə deyib.

O bildirib ki, ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə Günəş və külək elektrik stansiyaları bərpaolunan enerjinin payını 35,5 faizə yüksəldəcək: “Bu, yalnız 30 faizlik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpaolunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır. Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”.

Qeyd edək ki, Azərbaycanın “yaşıl enerji” potensialı qiymətləndirmələrə əsasən, quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur.

Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda istehsalın artırılması üçün beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq qurub və son illər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq.

Bəs, görəsən, bu istiqamətdə vəsait qoyuluşu nə zamana kimi davam edəcək? “Yaşıl enerji” istehsalının özü-özünü maliyyələşdirməsi nə vaxtdan mümkün olacaq? Bu ölkədə enerjinin qiymətinə necə təsir göstərəcək?

Məsələni qəzetimizə şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, bu gün Azərbaycan beynəlxalq çağırışlara cavab olaraq özünün enerji balansını şaxələndirir: “2015-ci il Paris İqlim Sazişindən sonra yeni enerjiyə keçidlə bağlı müxtəlif dövlətlər öz qanunvericilikləri səviyyəsində çox iddialı qərarlar qəbul etdilər. Hazırda müşahidə olunan odur ki, 2015-ci il Paris İqlim Sazişindən sonra dünya dövlətlərinin əksəriyyəti əsasən də enerji və nəqliyyat sektoru iddialı iqlim hədəflərinə doğru irəliləyir. Azərbaycan da Paris İqlim Sazişinə imza atıb və mərhələli şəkildə karbondioksit emissiyalarının azaldılması ilə bağlı öhdəliyi var. Bu hədəflər yeni texnologiyalara keçidi və alternativ və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirir. Bu istiqamətdə atdığımız addımlar ölkəmizin beynəlxalq öhdəliklərə ciddi yanaşmasından xəbər verir”.

Ekspert bildirib ki, ölkəmiz 2030-cu ilədək enerji balansında “yaşıl enerji”nin iştirak payını 30 faizə yüksəltməyi hədəfləyir: “Paralel olaraq 2021-i ildə BMT-nin xətti illə Şotlandiyada keçirilən 26-cı iqlim sammitində də Azərbaycan dünya birliyinin digər ölkələri ilə metan emissiyalarının azaldılması ilə bağlı öhdəlik sazişinə imza atıb. Yəni ortada yeni iqlim hədəflərinin müəyyən edilməsi ilə bağlı öhdəliyimiz var. Bu baxımdan ölkənin mövcud alternativ və bərpa olunan enerji mənbələrindən potensial istifadə etmək imkanları qarşıdakı illərdə enerji siyasətində müəyyən etdiyimiz hədəflərdən biridir”.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələr sırasındadır: “Hesablamalara görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Yaşıl enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt -dır. O cümlədən, külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu baxımdan, ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir”.

O, həmçinin vurğulayıb ki, Azərbaycan regionda yeni "yaşıl enerji" dəhlizin yaradılması təşəbbüsü ilə çıxış edib: “Bu il Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" imzalanıb. Sənəddə nəzərdə tutulur ki, iştirakçılar texniki-iqtisadi baxımdan ən optimalını həyata keçirmək üçün  Xəzər dənizinin dibi ilə  yüksək gərginlikli kabel çəkməklə enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmaq və “yaşıl enerji”nin Azərbaycan üzərindən beynəlxalq müştəri bazarlarına ixracını təmin etmək niyyətindədirlər. Bu memorandum texniki tapşırıqlar çərçivəsində  beynəlxalq ötürmə dəhlizlərinin inkişafı (maliyyələşdirmə, gəlir axını və mülkiyyət) və “yaşıl enerji”nin Avropa İttifaqı ölkələrinə satışı üçün təklif olunan biznes modelini hazırlayacaq. Bu isə perspektivdə regionda yeni “yaşıl enerji” dəhlizinin yaranması deməkdir. Ola bilsin ki, gələcəkdə Türkmənistan da bu təşəbbüsə dəstək versin”.

Z.Vəliyev qarşıdakı dövr üçün ölkədə “yaşıl enerji” ilə bağlı yeni istehsal güclərinin formalaşacağını vurğulayıb: “Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir. Son bir neçə ildə bu sahəyə yönəldilmiş yaşıl investisiyaların həcmi 1 milyard dollardan artıqdır. Bu mənada 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji potensialını inkişaf etdirməklə, enerji portfelində bərpaolunan enerjinin iştirak payını 30 faizə çatdırması hədəflənib. Təbii ki, bu uzun bir prosesdir. Ona görə də bu istiqamətdə sərmayə yatırımı davam edəcək”.

Ekspertin fikrincə, Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər ölkənin ixrac imkanlarını genişləndirəcək: “2050-ci ilə qədər qlobal miqyasda enerji keçidinə 100-200 trilyon dollar tələb olunacaq. İnkişaf etməkdə olan ölkələr üçün isə hər il təqribən 6 trilyon dollar tələb oluna bilər. Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının isə bir sıra üstün cəhətləri olacaq. Belə ki, ölkə həm enerji təhlükəsizliyini təmin edəcək, həm götürdüyü ekoloji hədəflərə doğru irəliləyəcək, həm də ölkədə yeni texnologiyaların və yeni vərdişlərin formalaşmasına imkan verəcək. Məsələn, hesablamalara görə, Qaradağ Günəş Elektrik Stansiyası istismara verilməsi ilə təxminən 200 min ton CO2 emissiyası azalacaq. Azərbaycanda mövcud elektrik stansiyalarının xammalla yüklənməsi təbii qaz vasitəsilə həyata keçirilir. Adıçəkilən elektrik stansiyasının istismara verilməsi, eyni zamanda 110 milyon kubmetr təbii qaza qənaət deməkdir. Qənaət edilmiş həcmlər də Azərbaycanın beynəlxalq ixrac qabiliyyətinin artmasına səbəb olacaq. Bu, yaxın perspektivdə Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Avropaya əlavə qaz həcmlərinin tədarükünü qaçılmaz edir. Bununla bağlı Avropa Komissiyasının Azərbaycan dövlət qurumları ilə davamlı danışıqları aparılır. Avropa Komissiyasının nümayəndələri Azərbaycandan əlavə qaz həcmlərinin əldə edilməsində maraqlı olduqlarını açıq bəyan etmişdilər. Azərbaycanın təbii qaz təchizat zəncirindəki ixrac qabiliyyətinin artırılması Avropanın enerji şaxələndirilməsinə əlavə stimul verəcək, eyni zamanda Avropa İttifaqının enerji təminatında əhəmiyyətli alternativ ola biləcək”.

Mütəxəssis hesab edir ki, ölkədə “yaşıl enerji” istehsalının genişləndirilməsinin enerji tariflərinə ciddi təsiri olmayacaq: ““Yaşıl enerji”nin tarifləri mövcud elektrik enerjisinin qiymətlərindən fərqlənməyəcək. Bizdə bu istiqamətdə qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Təhlillər göstərir ki, Azərbaycanda elektrik enerjisinin qiyməti çox da baha deyil. Bu baxımdan düşünmürəm ki, “yaşıl enerji” istehsalının artması ölkədə enerji qiymətlərinə ciddi təsir göstərsin”.

Chosen
37
hafta.az

1Sources