EN

Azərbaycanın yaşıl enerji hədəfləri yüksəkdir - Azər Qarayev

Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin imzaladığı "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" regionun enerji transformasiyası və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm addımdır. Bu saziş yalnız bərpa olunan enerji istehsalı və ötürülməsi üçün bir çərçivə yaratmır, həm də Orta Asiya və Qafqaz ölkələri arasında iqtisadi və ekoloji əməkdaşlıq perspektivlərini genişləndirir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev bildirib ki, Azərbaycanın yaşıl enerji hədəfləri yüksəkdir:

"Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq və enerji istehsalında bərpa olunan mənbələrin payını 2030-cu ilə qədər 30%-ə çatdırmaq kimi mühüm məqsədlər müəyyən edib. Bu məqsədlərə çatmaq üçün ölkə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

Günəş, külək və bioenerji kimi mənbələrin istifadəsi artırılır. Xüsusilə azad edilmiş ərazilərdə böyük yaşıl enerji layihələri reallaşdırılır. Ölkənin enerji infrastrukturunda modernizasiya tədbirləri həyata keçirilir və bərpa olunan enerji istehsalı üçün yeni texnologiyalar tətbiq olunur".

Onun sözlərinə görə, saziş bərpa olunan enerjinin inteqrasiyası ilə yanaşı, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana enerji ixracını genişləndirməyə imkan yaradacaq. Bu addım regionun nəqliyyat və logistika sektorlarında inteqrasiyanı gücləndirərək həm iqtisadi, həm də ekoloji təsirləri artıracaq.

"Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanla əməkdaşlıq etdiyi Qara Dəniz vasitəsilə Avropaya yaşıl enerji ixracı layihəsi bu kontekstdə strateji əhəmiyyət daşıyır. Hər iki layihə Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq enerji bazarlarında rolunu daha da möhkəmləndirəcək", - o əlavə edib.

Politoloq vurğulayıb ki, Azərbaycan həmçinin İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı haqqında Bakı Bəyannaməsi ilə regionda sosial, iqtisadi və ekoloji inteqrasiyaya töhfə verir:

"Bu təşəbbüsün əsas məqsədləri, ticarət təşəbbüslərinin dəstəklənməsi və regional əməkdaşlığın gücləndirilməsi, süni intellekt tətbiqləri və iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin genişləndirilməsi, sərhədyanı layihələrin inkişafı və yeni yaşıl prinsiplərin tətbiqidir".

A.Qarayev onu da əlavə edib ki, Azərbaycanın yaşıl enerji sahəsində liderlik təşəbbüsləri, Qazaxıstan və Özbəkistanla strateji əməkdaşlıq çərçivəsində daha da güclənir.

"Bu saziş və bəyannamələr, regionun enerji sektorunda dayanıqlı inkişafa nail olmaq və iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm addımlar atmağa imkan yaradır. Həmçinin, Azərbaycanın Avropa və Mərkəzi Asiya ilə əlaqələrini möhkəmləndirərək ölkənin qlobal enerji bazarında mövqeyini gücləndirir", - politoloq qeyd edib.

Chosen
6
1
day.az

2Sources