EN

COP29-da yaşıl bacarıqlara dair yüksək səviyyəli debat təşkil olunub

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə "Bacarıqlara investisiya əhəmiyyətli iqlim öhdəliyidir: COP29-un yüksək səviyyəli çempionu" adlı xüsusi tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İnsan İnkişafı Günündə BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və "LinkedIn" sosial şəbəkəsinin birgə əməkdaşlığı ilə keçirilmiş debatda COP29 Sədrliyinin İqlim Dayanıqlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsündən danışılıb.

Davamlı gələcəyə qlobal keçiddə yaşıl bacarıqların kritik roluna dair müzakirələrin aparıldığı debatda COP29-un yüksək səviyyəli çempion Nigar Arpadarai bildirib ki, dünya iddialı iqlim məqsədlərinə çatmaq üçün insanları düzgün bacarıqlarla təchiz etmək həlledici fürsətdir. Tədbir bu sahədə əsas məqsədi müzakirə etmək üçün qlobal ekspertləri bir araya gətirib. Tədbirdə yaşıl bacarıqların iqlim fəaliyyətinin təməl daşı olması, texnologiya və təbiətin mühafizəsi kimi digər prioritetlər də müzakirə olunub.

COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal və Regional Təşəbbüslər Komandasının həmrəhbəri, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov investisiya əhəmiyyətli iqlim öhdəliyinə dair aparılan işlərdən danışıb. Qeyd edilib ki, yaşıl keçidin mərkəzində insanların rolu dayanır. İqlim məlumatlılığını artırmaq və fəaliyyətə təşviq etmək üçün yaşıl təhsil proqramları tətbiq olunmalıdır. İqlim təsirləri haqqında məlumatlı, dəyişən dünyada inkişaf etmək üçün bacarıq və dayanıqlılıqla təchiz edilmiş nəsil yetişdirmək çox vacibdir. İstehsalatda səmərəlilik üçün texnoloji tərəqqiyə üstünlük verilməsinin əhəmiyyətini vurğulayan E.Məmmədov qeyd edib ki, gələcəyimizə təhlükə yaradan hərəkətləri cilovlamaq üçün tətbiq olunan tədbirləri təşviq etməklə yanaşı, təchizat və istehlak da önəmlidir.

Müzakirələrdə münsiflər heyətinin ekspert rəyləri ilə yanaşı, təklifin lehinə və əleyhinə tutarlı arqumentlər təqdim olunub.

"LinkedIn"in Yaşıl Bacarıqlar Hesabatında vurğulandığı kimi, xüsusilə qadınlar və təcrid olunmuş qruplar arasında yaşıl bacarıqlara çıxışda mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə təhsil və təlimə investisiyaların fərdlər, təşkilatlar və iqtisadiyyatlar üçün yaratdığı imkanlara və onların həllinə diqqət yetirilib.

Qlobal liderlər və novatorlar ilə iqlim fəaliyyətində fəal iştirak etmək üçün unikal platforma təqdim edən debatda bacarıqların, inklüzivliyin və ambisiyaların yaşıl keçiddə tətbiqinə dair strategiyalar haqqında məlumat verilib.

Chosen
26
2
sesqazeti.az

3Sources