EN

Özbəkistanda Maqsud Şeyxzadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd Dövlət Nəqliyyat Universiteti (DDNU) ilə birgə böyük Azərbaycan şairi Maqsud Şeyxzadəyə həsr olunmuş “Maqsud Şeyxzadənin ədəbi yaradıcılığı və müasirlik” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirib. 

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, ABŞ, Çin və digər ölkələrdən  alimlər iştirak ediblər.

Universitetin Maqsud Şeyxzadə adına konfrans salonunda baş tutan tədbiri universitetin prorektoru, dosent Dilşad Baratov açaraq Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olmasından söz açıb. 

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Gülşən Kəngərli Maqsud Şeyxzadənin ədəbi irsinə Özbəkistanda xüsusi diqqət yetirildiyini bildirib, qardaş xalqlar arasındakı ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində Maqsud Şeyxzadə yaradıcılığının xüsusi rol oynadığını vurğulayıb. 

O deyib ki, M.Şeyxzadə özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyub. “Daşkəndnamə”, “Ağsaqqal” poemaları da oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə yazıçının altı cildlik “Seçilmiş əsərləri” çap olunub.

AMM-nin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Azərbaycanın böyük oğlu Maqsud Şeyxzadənin özbək ədəbiyyatı və mədəniyyətində özünəməxsus yerə sahib olduğunu bildirib, şairin yaradıcılığının yalnız ədəbiyyata deyil, özbək mədəniyyəti, incəsənətinin bütün sahələrinə təsir etməsindən söz açıb.

ABŞ Hofstra Universitetinin professoru Elyar Kərimov (onlayn), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvi (onlayn),  Çinin Heyibey Universitetinin dosenti Jessi Liua, Kastamonu Universitetinin əməkdaşı dosent Murad Halmet (onlayn), Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin dosenti Aybibi İsgəndərova, Əməkdar jurnalist Flora Qumar və digərləri Maqsud Şeyxzadənin həyat və yaradıcılığından söz açıb , keşməkeşli həyat yolu keçmiş Maqsud Şeyxzadənin gənc nəslin yetişməsində əvəzsiz rol oynayan qiymətli əsərlər qələmə aldığını vurğulayıblar.     

Elmi konfrans sonra AMM-də davam edib.

Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlmirzəyev  AMM-nin Maqsud Şeyxzadə yaradıcılığını hər zaman diqqət mərkəzində saxladığını, hər il mərkəz tərəfindən M. Şeyxzadə ilə bağlı nəşrlərin,  filmlərin, məqalə və televiziya verilişlərinin hazırlanmasına dəstək verildiyini, konfrans və seminarların keçirildiyini qeyd edib.

Sonra AMM və Özbəkistanın “Media Art” Şirkəti tərəfindən hazırlanan, Maqsud Şeyxzadəyə həsr edilən sənədli film nümayiş olunub.

Sonda universitet tələbələrinin iştirakı ilə Maqsud Şeyxzadənin əsərlərindən ibarət şeir kompozisiyası və Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupunun ifasında milli rəqslərimiz nümayiş etdirilib. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

Chosen
20
1
xalqqazeti.az

4Sources