EN

Yaşıl enerjiyə keçid istiqamətində qazandığımız uğurlar insan kapitalına qoyulan sərmayənin nəticəsidir

Azərbaycan «qara qızıl»ı başağrısı gətirən deyil, başucalığı gətirən  təbii sərvətə çevirməyi bacaran ölkələrdəndir

Hazırda dünyanın inkişaf etmiş ölkələrində insan kapitalı ÜDM-in 75-80 faizini təşkil edirr. Dünya Bankının 2023-cü  ilin yekunlarına dair açıqladığı statistikaya görə, insan kapitalının ÜDM-dəki həcminə görə ilk onluqdakı dövlətlər ABŞ, Almaniya, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, İsvecrə, İtaliya, İspaniya və Norveçdir. Bu ölkələrdə insan zəkasının məhsulu olan elektronik məhsullar dünyadakı ÜDM-in 45-50 faizini təşkil edir. Məsələn, dünyanın ən böyük şirkətlərinin – «Tesla»nın «Samsung»un, «Apple»nin, «Soni»nin, «Mikorsoft»un, «Facebook»un gəlirləri bir çox ölkələrin illik büdcəsindən bir neçə dəfə çoxdur. Bu fakt göstərir ki, indi artıq neft bumu dövrü deyil, proqramlaşdırma və insan beyninin məhsullarının böyük və mütləq çoxluğunun alıcısı olduğu dünya bazarlarına ixracın zamanıdır.      

Ölkəmizin bu istiqamədə də öz proqramı və inkişaf layihələri mövcuddur. Artıq Azərbaycan dövlətinin neft kapitalını insan kapitalına çevrilməsi siyasəti uğurla davam etdirilir. İlk növbədə ölkəmiz müasir müdafiə sənayesi yaratmaqla və orada istehsal olunan ən müasir silahlarla sübut etdi ki, insan kapitalının yaradılması istiqamətində ilk addımlar atılıb. Bundan başqa, hazırda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində  yaşıl enerjiyə keçid məsələsində ölkəmizin tutduğu  mövqe də insan kapitalına qoyulan sərmayənin bariz nümunəsidir. Bu gün ölkəmizdəki yaşıl enerji mənbələri davamlı olaraq artırılır və yaxın gələcəkdə ənənəvi enerji mənbələri kimi, yaşıl enerjinin də ixracı mümkün olacaq. Eyni zamanda, Azərbaycanın kosmos ölkəsi olması da çox önəmli faktdır. Artıq biz bu uğurla ölkəmizin fəzadakı asılılığına son qoyaraq müstəqil və eyni zamanda, kosmos yayımları ixrac edən ölkəyə çevrilmişik.

Təbii ki, insan kapitalının inkişafında təhsil və elm əsas priortitetdir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə 2007-2020-ci illər ərzində 4000-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif aparıcı universitetlərində ali təhsil alıb. Bundan başqa, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramına 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair yekun siyahı açıqlanıb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq. Həmçinin təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.(15 nəfər «Columbia University», 7 nəfər «Harvard University», 7 gənc «University of Cambridge») Xaricdə təhsil alacaq gənclərlə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Vurğulamaq lazımdır ki, daha öncə 2026-cı ilədək nəzərdə tutulan Dövlət Proqramının müddəti 2 il uzadılıb. Prezident İlham Əliyev 2024-cü ilin avqustun 12-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Dövlət Proqramına müvafiq dəyişikliklər edilib. Proqram üzrə xaricdə təhsil üzrə illik kvota 400 nəfərdən 500 nəfərədək artırılıb. Həmçinin Dövlət Proqramına doktorantura təhsili əlavə edilib. İndiyədək Dövlət Proqramında xaricdə təhsil üzrə yerlərin ən azı 80 faizi magistratura səviyyəsini əhatə edib. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi ali təhsilin doktorantura səviyyəsini əhatə edəcək. Qalan yerlər magistratura səviyyəsi üçün nəzərdə tutulacaq.

Önəmli faktdır ki, indi ən müasir təhsil infrastrukturlarının yaradılmasına görə Azərbaycan dövləti MDB məkanında ilk yerlərdədir. Statistik məlumatlarda bildirilir ki, son 20 ildə  sözügedən dövr ərzində rayonlarımızda həyata keçirilən infrastruktur layihələrinə dövlət büdcəsindən on milyardlarla manat vəsait xərclənib.

Bu həqiqətdir ki, istedadlı insanlar və vərdişlərə malik kadr ehtiyatı cəmiyyətin ən böyük  sərvətidir. Təbii ki, istedadlar öz-özünə bəhrə verə bilmir. Onun təhsil sistemində yetişdirilməsi, ona sosial qayğı göstərilməsi zəruridir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir.

Bu, danılmaz həqiqətdir ki, neft gəlirlərindən səmərəli istifadə etməyi və neft strategiyasını zamanın tələbinə uyğun qurmağı bacaran ölkələr həm vətəndaş qarşıdurmasından, həm də regional münaqişələrin episentri olmaq təhlükəsindən sığortalanmağı bacarıblar. Təbii ki, zəngin neft ölkəsi olan Azərbaycan bu prinsipləri vaxtında, həm də düzgün qiymətləndirməklə dünyaya modern inkişaf nümunəsi göstərdi. Artıq Azərbaycan neftindən gələn yüz milyonlarla gəlir ölkə vətəndaşlarının elmi, mədəni və sosial inkişafının qarantına çevrilib. Məhz bu amili dəqiq qiymətləndirən Prezident İlham Əliyevin sözlərinə görə, müxtəlif ölkələrin praktikası onu göstərir ki, neft pulla yanaşı, başağrısı da gətirə bilər: «Lakin neft gəlirləri insan kapitalına çevrilirsə, «qara qızıl» başağrısı yox, başucalığı gətirəcək. Artıq Azərbaycan buna nail olub.»

Elçin Zaman, «İki sahil»

Chosen
55
ikisahil.az

1Sources