EN

Attestasiya, sertifikasiya və Azərbaycan təhsilinin diaqnostika problemi -Karusel əməliyyatı

Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikasiya imtahanına cəlb olunması 3 il əvvəl  başlayıb. Növbəti illərdən isə direktor və müavinlərin sertifikatlaşdırılması planlaşdırılır. Nə zamansa universitet müəllimlərinin də sertifikasiya imtahanına cəlb oluna biləcyəyi barədə fikirlər səsləndirilir. Məsələ heç də bu prosedurun keçirilməsində deyil. Məsələ, uzun illərdən bəri alışdığımız “attestasiya” anlayışını “sertifikasiya” termini ilə əvəz etməkdədir. Bu isə  müəllimlərin əlavə qayğı, narahatlıq və narazılıqlarına əsas verir. “Sertifikasiya”, “sertifikatlaşma”, “sertifikatlaşdırma”, bəzən də “sertifikatlaşdırılma” kimi təqdim etdiyimiz bu adi prosedur o qədər mürəkkəbləşdirilib ki, məsələ ifrat dərəcədə əndazədən çıxıb.

Mövzu ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov KONKRET.az-ın suallarını cavablandırıb.

– Nadir müəllim, məsələnin narazılıq yaratmasına səbəb nədir?

-Müqavimətlərə rəğmən, “müəllimləri sertifikasiyadan keçirəcəyik” kimi hədələyici rəsmi açıqlamalar müəllimlərin müəyyən hissəsində əlavə qıcıq yaratdı. Halbuki, bu kimi açıqlamalarsız da  ötüşmək olardı. Açığını desəm, mən əvvəldən müəllimlərin peşə yararlığı, peşəkarlıq səviyyəsinin ölçülməsi və qiymətləndirilməsinin əleyhinə deyil, “sertifikasiya” termininin əleyhinə olmuşam və bunu dəfələrlə öz açıqlamalarımda əsaslandırmışam. Yəni, sertifikasiyanın hələ ilkin tətbiqinə qədər uzun bir yol keçdiyini qeyd etmişəm: “Attestasiya”, ”könüllü attestasiya”, “sınaq imtahanı”, ”lisenziya”, “diaqnostika”…

-Son qərara görə diaqnostik qiymətləndirmə müəllimlərin attestasiyasına hazırlıq mərhələsi olmalı idi. Lakin bu olmadı, attestasiya sertifikasiya ilə əvəzləndi. Nə baş verdi?

– Müəllimlərin axırıncı attestasiyası 1994-cü ildə keçirilib və müəllimlərin kateqoriyaları da müəyyənləşmişdi. Hələ 1999-cu ildə Dövlət islahat komissiyası tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin15 iyun 1999-cu il tarixli,168  №- li Sərəncamı ilə “Təhsil sahəsində islahat Proqramı” qəbul edilmiş və sənəddə pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanmışdı. Bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.

Bununla əlaqədar, Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. O vaxt təhsil nazirinin 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən attestasiyaya başlanılması nəzərdə tutulmuşdu. “Proqram”da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğu əsas gətirilərək onun reallaşması mümkün olmadı. Məhz buna görə də “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya diaqnostik qiymətləndirmə ilə əvəz olundu. Əslində, diaqnostik qiymətləndirmə bir növ attestasiyaya hazırlıq mərhələsi kimi nəzərdə tutulmuş, bununla bağlı dəfələrlə rəsmi bəyanatlar da verilmişdi. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq, müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az deyildi. Nəticə olaraq, belə qərara alındı ki, “Əmək Məcəlləsinin 66-cı  maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.

 -Attestasiyanın baş tutmaması və sertifikasiya ilə əvəz olunması nə ilə bağlı idi?

– Çünki, nazirlik ifrat dərəcədə mərkəzləşmə apararaq, attestasiyanın keçirilməsi ilə əlaqədar bütün səlahiyyətləri bir əldə, öz əlində cəmləmişdi və 150 minlik  müəllim ordusunu bu prosesə cəlb etməyin nə dərəcədə çətin olduğunun fərqində deyildi. 1994-ci  il attestasiyasına qədər hər 5 ildən bir baş tutan attestasiyalar pedaqoji kollektivlər tərəfindən keçirilir, nəticələr yerli təhsil idarə və ya şöbələrinə təqdim edilir, nazirlik isə həmin nəticələri saf- çürük edərək, son nəticəyə yekun vururdu. Yeni təlimatlara əsasən isə seçim də yekun da bir əldə idi. Halbuki, sözü gedən İslahat Proqramında nəzərdə tutulan “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər sanki qüvvədən düşmüçdü.

-Müəllimlərin sertifikasiyası başa çatmamış məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmə aparılır. Yenidən diaqnostik qiymətləndirməyə qayıdış nə deməkdir?

-Əgər, diaqnostik qiymətləndirmə ilə bağlı ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə daha əvvəl maarifləndirici görüşlər keçirilib, onlayn formada sınaq qiymətləndirilməsi və seminarlar təşkil olunubsa, 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodisti işindən-güçündən ayırıb, öz funksinal vəzifələrini yerinə yetirirmələrinə maneçilik yaratmaq hansı məntiqdən irəli gəlir? Bu diaqnostikaya cəlb olunanlar özlərini hazırlamadır, yoxsa onlara etibar olunanları? Olmazdımı, həmin pedaqoji heyətlə əvvəlki kimi maarifləndirici görüşlər keçirib, onlayn formada sınaq qiymətləndirilmə və seminarlar təşkil olunsun və sertifikasiyaya dair suallar tərtib olunaraq, müvafiq ədəbiyyat siyahısı ilə birlikdə onlara təqdim edilərək, müstəqil hazırlaşmalarına imkan yaradılsın? Bunun bir adı var: Karusel əməliyyatı…

– Yuxarıdan başlanılmalı işi aşağıdan başlamaqla əlavə problemlər yaradıldı.  Necə ki, kurrikulum islahatlarını ali məktəbləri qoyub,orta məktəblərdən başladılar. Nəticədə ali məktəblərdən orta məktəblərə dəstək gəlmədi. Ardıcıllıq və varislik pozuldu, bu gün də bir çox problemlərlə rastlaşırıq.

– Gəlin, müəllimin üstünə bu dərəcədə getməyək, onu əlavə stresslərə məruz qoymayaq, öz peşə fəaliyyəti ilə məşğul olmasına lazımi şərait yaradaq. Müəllim dərsə hazırlaşmalıdır, yoxsa imtahana? “Aşağılar” üçün fasilə yaradıb, “yuxarılar”la məşğul olaq. “Yuxarılar” aşağılardan,  yoxsa  “aşağılar” yuxarıdan nümunə götürməlidirlər? Axı, “Təhsil sahəsində islahat Proqramı”nda da əvvəl rəhbər, sonra isə pedaqoji kadrların qiymətləndirmə sisteminin yaradılmasından söhbət gedirdi. Bir də ki, özləri diaqnostik qiymətləndirmədən keçməyənlərin, illərlə təhsilin bütün sınaqlarına sinə gərənləri sertifikasiya imtahanına çəkməsi hansı məntiqdən irəli gəlir?

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
69
konkret.az

1Sources