EN

Dumanlı hava: KAMAZrahat gedir, lüks avtomobil yerində sayır – FİZİKİ QANUN- FOTO

Yəqin orta və yaşlı nəsil PAZ avtobuslarını xatırlayır. Bu avtobuslarda ortada sarı faralar olurdu. Bunlar duman əleyhinə faralar idi və az hallarda istifadə edilirdi. 

Bəs ümumiyyəttlə duman əleyhinə faralar nə üçündür və necə istifadə edilməlidir?

Avtosfer.az xəbər verir ki, duman əleyhinə işıqlar ilk dəfə 30-cu illərdə idman avtomobillərində quraşdırılıb. Obrazlı desək, tozun dumana qatışdığı yarış meydançasında pilotlar gözəyarı hərəkətə etməsin deyə stop faralarından əlavə maşınların sol arxa hissəsinə qırmızı işıq da quraşdırılırdı. Prinsip bu gün də Formula 1 bolidlərində tətbiq edilir. Bunun ən yaxşı nümunəsi VAZ-2106-da bamperin altında olan duman əleyhinə fənər idi. İndi əksər maşınlarda sökülüb.
Vaxtilə belə düşünülürdü ki, duman əleyhinə faralar mütləq sarı olmalıdır. Bu da fransız avtomobil sənayesindən gəlirdi. 1939-cu ildə Almaniya və digər ölkələrdə istehsal olunmuş maşınlardan fərqlənmək üçün fransız avtomobillərinə sarı fara tələbi qoyuldu və bu, 70-ci illərədək davam etdi. Köhnə fransız filmlərində bunu aydın görmək mümkündür. Elə PAZ-ın farası da oradan gəlirdi.

Qayıdaq indiki dövrə: 2000-ci ildən sonra bütün böyük istehsalçılar minik avtomobillərini duman əleyhinə faralarla təchiz edirlər. Bu, qlobal standartdır. Bu işıq cihazları maksimum aşağıda, bamperin altında yerləşdirilir. Onlar elə qurulur ki, yolun kənarını işıqlandırsın və sürücü özü üçün orientasiya tapa bilsin. Dumanlı havada adi faralardan istifadə heç bir fayda vermir, çünki dumanın tərkibindəki su işıq selini dağıdır. Duman əleyhinə faralar daha güclü olduğundan sürücüyə kömək edir. Lakin hər havada yox. Qarlı havada adi fara daha səmərəlidir.
Sürücülərin çoxu yəqin belə halla üzləşib: dumanlı havada yaxşı təchiz olunmuş minik avtomobili çətinliklə getdiyi halda, KAMAZ adi fara ilə rahat yoluna davam edir. Bu, sırf fiziki qanundur. Yük avtomobili sürücüsü faradan yuxarıda oturub, kapot ona mane olmur. Minik avtomobilində isə fara ilə sürücünün başı arasında hündürlük fərqi heç 30 santimetr deyil. Dumanda işıq dağıldığı üçün sürücü yolu təxmini müəyyən edir. Elə buna görə də, dumanlı havada əsasən minik avtomobilləri qəza törədir.
Duman əleyhinə faralardan düzgün istifadə də vacib şərtdir. Onların lüzumsuz istifadəsi inzibati xəta predmetidir. Aydın havada onlardan istifadə qadağandır. Bu cihazlar yolun kənarını işıqlandırdığı üçün qarşıdan gələn maşının sürücüsünün də gözünü daha çox qamaşdırır. Avropa ölkələrində onlardan istifadənin cəriməsi manat ekivivalentində 200 AZN-dən çoxdur. Şəhərlərdə isə onlardan istifadə ümumiyyətlə qadağandır.  Çünki əlavə işıq mənbələri rahat hərəkətə imkan verir (söhbət təkcə küçə işqlandırmasından getmir).

Bu xəbəri hazırlamaq üçün gecə araşdırma apardım. Məlum oldu ki, duman əleyhinə faraları olan avtomobillərdə hər 10 sürücüdən 8-i onlardan lüzumsuz istifadə edir. Axı ötən gecə Bakıda duman yox idi. Problem budur ki, sürücülərin çoxu duman əleyhinə faralardan istifadə qaydalarını bilmir. Bu qayda pozuntusunu kameralar qeydə almadığı üçün sürücülər də əhəmiyyət vermirlər.

Vüqar

FOTO QALEREYA
Chosen
42
avtosfer.az

1Sources