EN

Coğrafiyaçı alimlər COP29-da iştirak ediblər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmraninin rəhbərliyi ilə böyük bir elmi nümayəndə heyəti iştirak edib.

Bu barədə  TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

COP29-un əsas məqsədlərindən biri dayanıqlılığı təşviq etmək, ekoloji təsirləri minimuma endirmək, inklüzivlik və əlçatanlığı tərənnüm etməklə iqlim fəaliyyətində ictimai iştirakı artırmaqdır. Bunu nəzərə alaraq, Coğrafiya İnstitutu Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu ilə birgə “Elm, texnologiya və innovasiya / rəqəmsallaşma günü” tematikası üzrə “Xəzərin reallıqları: davamlı inkişaf” mövzusunda tədbir keçirib.

Tədbirdə Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinin “Uyğunlaşma / İcmal” bölməsinin meneceri Olqa Pilifossova, Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutunun rəhbəri akademik Axmetkal Medeu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani çıxış ediblər. Onlar müasir dünyamızda baş verən iqlim dəyişmələri, havada temperaturun artması, quraqlıq hadisə, su ehtiyatları, ekoloji problemlər və onlardan çıxış yolları və digər məsələlərə aydınlıq gətiriblər.

Tədbirin ikinci hissəsində elmi müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü Rauf Qardaşov “Xəzər dənizinin səviyyəsinə iqlimin təsiri”, professor Səid Səfərov “Xəzər dənizinin səviyyə rejimi”, Qazaxıstandan Janar Naurozbayeva “İqlim dəyişikliyi kontekstində Xəzər dənizinin buzu”, Finlandiyadan Əli Həqiqi “İqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin qiymətləndirilməsi: iki ssenarili modelləşdirmə metodu” mövzularında çıxışlar ediblər.

Daha sonra iş adamlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qazaxıstanın Xəzər Ətraf Mühit Konsorsiumun əməkdaşı Yernar Saylıbayev “Caspian Horizons 2027 - Uyğunlaşmaya Baxış”, İonosfer İnstitutunun əməkdaşı Alena Eliseeva “Xəzər dənizinin neftlə çirklənməsinin monitorinqi”, ADA Universitetinin müəllimi Nəzrin Bağırova və Mərkəzi Asiyanın “Qadınlar su diplomatiyasında” şəbəkəsinin əməkdaşı Şoxida Tuliyeva “İqlim dəyişikliyi qarşısında su hövzələrində və Mavi Sülhdə əməkdaşlıq” mövzularında çıxış ediblər.

Tədbirin sonunda akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu arasında memorandum imzalanıb.

Chosen
25
tehsil.biz

1Sources