EN

Sosioloqdan sərt tənqid: Gənclər ailə dağıtmağı adi bir məsələ kimi qəbul edirlər

2024-cü ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb

Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, 36 min 651 nikaha qarşı 15 min 964 boşanma halı ailə quranların yarısının boşanması deməkdir:

“Bu rəqəm, necə deyərlər, insanın canına üşütmə salır. Belə bir qənaətə gəlmək olar ki, bizim illərdən, əsrlərdən bəri qurub-yaratdığımız, göz bəbəyi kimi qoruduğumuz ailə institutu dağılır və ailə dəyərlərimiz məhv olur. Bu qədər boşanma halı bizim cəmiyyətimiz üçün olduqca dəhşətli rəqəmdir. Ümumiyyətlə müasir dövrdə boşanmaların bir sıra səbəbləri var. Onlardan ən birincisi, cəmiyyətdə ictimai qınaq silahının zəif işləməsidir. Vaxtilə bir ailədə söz olanda ona qohum-qonşu, daha sonra el qınağı, cəmiyyətin münasibəti olardı. Bu gün isə sosial həyat insanları bir-birindən o qədər uzaq salıb ki, yaxin qohumlar belə bir-birini aylarla görmür, həmin ailədəki problemi haradan biləcəklər?. Sonda isə eşidirik ki, filan ailə dağıldı. Aid qurumların gənc ailələrlə işi zəif şəkildə qurması, məktəblərdə yuxarı sinif şagirdləri, ali təhsil müəssisələrində gənclər arasında maarifləndirmənin olmaması da ailələrin dağılmasında az rol oynamır. Digər tərəfdən isə indi gənclərdə bir dözümsüzlük hiss olunur. Onlar sanki ailədə qarşıya çıxan çətinliklərə, problemlərə sinə gərə bilmirlər. Hər şeyin asanlıqla, tez bir vaxtda həll olmasını arzulayırlar. Həm də ailəyə ciddiyyətlə yanaşmırlar”.  

Ekspertin sözlərinə görə əvvəlki illərdə ailə dağıtmaq qəbahət hesab olunsa da, indi gənclər bunu adi bir məsələ kimi qəbul edirlər:
“Beləliklə də dözümsüzlük, səbrsizlik tərəflərin bir-birinə qarşı sayğısızlığına çevrilir. Onlar üçün boşanmaq da adiləşməyə başlayır. Çox təəssüf ki, ölkəmizdə ailə institutunun vəziyyəti bu formaya düşür. 9 ay ərzində 15 mindən çox ailənin dağılması nə deməkdir? Düşünürəm ki, əksər valideynin də bu məsələdə günahı var. Çünki yeni qurulan ailələr ata-ana ilə birlikdə yaşasalar da, ayrı yaşasalar da böyüklər hər zaman onlara nəzarət etməli, tövsiyə verməli, nəyin bahasına olursa olsun, ailənin dağılmasına yol verməməlidirlər. Görünür ya valideynlər məsuliyyətini itirib, ya da gənclər onları dinləmir.  Bu qədər boşanma halı hansı səbəbdəndir, nə üçündür sualı təcili olaraq araşdırılmalı, ailələrin belə asanlıqla boşanma halının qarşısının alınması üçün bir proqram işlənməli, qanun qəbul edilməlidir. Ailə uşaq oyuncağı deyil ki, bu gün sındısa, sabah gedib mağazadan yenisini alıb ağlayan uşağı sakitləşdirəsən".
Chosen
13
sherg.az

1Sources