EN

Qida təhlükəsizliyi vahid sağlamlığın mühüm tərkib hissəsidir

“Müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edir və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndiririk”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada keçirilən “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

Q.Təhməzli bildirib ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda, bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır: “Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır.

Məlumdur ki, qida təhlükəsizliyi “Vahid Sağlamlıq” konsepsiyasının strateji təməl sütunlarından biridir. Əhalinin sağlam və təhlükəsiz qidaya əlçatanlığının təmin edilməsi üçün isə ilkin istehsaldan istehlaka qədər qida zənciri boyunca ətraf mühit amillərinin zərərli təsirləri də daxil olmaqla, bütün potensial risklərin düzgün idarə edilməsi zəruridir. Lakin hava, su və torpaqda mövcud olan təbii çirkləndiricilər, habelə bitkiçilik təsərrüfatlarında pestisid və aqrokimyəvi maddələrdən, heyvandarlıq təsərrüfatlarında baytarlıq preparatlarından və antibiotiklərdən düzgün istifadə edilməməsi, bitki və heyvan mənşəli qida məhsullarında bu maddələrin qalıqlarının yol verilən hədlərdən yuxarı olmasına səbəb olur. Bu da yalnız bitki və heyvan sağlamlığına deyil, həm də insan sağlamlığına ciddi təhlükə yaradır. Statistik göstəricilərə əsasən, hər il dünyada təxminən 600 milyon insan müxtəlif çirkləndiricilərlə sirayətlənmiş qida məhsulları səbəbindən sağlamlıq problemləri ilə üzləşir. Xüsusilə, antibiotiklərdən məsuliyyətsiz istifadə halları qlobal miqyasda narahatlıq doğuran antimikrob rezistentliyin yaranmasına səbəb olur ki, bu da müasir səhiyyə və qida təhlükəsizliyi sistemləri üçün aktual məsələlərdən biri kimi qəbul edilir. Eyni zamanda, heyvan sağlamlığına birbaşa, insan sağlamlığına isə dolayı yolla təsir etdiyini nəzərə alaraq, yem məhsullarının da təhlükəsizliyi qida təhlükəsizliyinin mühüm tərkib hissəsi hesab olunur”.

Chosen
23
4
sia.az

5Sources