EN

Kişi millimiz, kişi kimi oynayın! - İsveçlə oyunda millimizdən gözlədiklərimiz

Azərbaycan milli futbol komandasının bu gün keçiriləcək oyununa bir neçə saat qalıb. Melaren gölünün şərq sahilində Azərbaycan millisi İsveçin qonağı olacaq.

16 noyabr UEFA Millətlər Liqasının qrup mərhələsində bütün oyunlarda məğlub olan Azərbaycan millisi, nəhayət, Estoniya ilə "ölü" 1 xal qazandı. Halbuki doğma meydanda qapı arxasında qalan yüzlərlə azarkeşə qələbə sevinci bəxş edə bilərdi. 

Futbolu 11 kişi oynayır, Azərbaycan kişisi. Düzdür, Estoniya ilə görüşdə start heyətdə kapitan Bədəvi başda olmaqla 4 futbolçu Azərbaycan futbolunun yetirməsi deyildi, ancaq burda çörək yeyib, su içirlər. Sirr deyil ki, Finlandiyadan gələn Ozan Can Kökcü də öz xeyrini nəzərə alıb, millininin heyətinə qoşulur. 

Xülasə, Estoniya ilə görüşdə 1 xala sevindik, ancaq vaxt var idi İtaliyaya 2:1 uduzanda əsəbimiz korlanırdı. 

17 noyabrda Azərbaycan futbolunun xırıltısı Qəbələdə tutqun havanın ifası ilə müşahidə olunurdu. Bütün bu uğursuzluqların fonunda futbolçularımız deyib-gülüb, qəhqəhə çəkərək, Qəbələdə hava gəmisinə minib, birbaşa Stokholma uçmağa hazırlaşırdılar. Mən elə bildim, bizim bu igidlər belə qələbəsiz seriyadan sonra Qəbələdə metro axtarıb, yerin altı ilə İsveçə getmək istəyəcəklər. 

18 noyabrda, oyundan bir gün əvvəl Stokholmda yaşayan bir qrup azarkeş millimizin qaldığı hotelə gəlib onlara sevgilərini, saygılarını göstərdilər. Məncə, bundan böyük dəstək ola bilməz. Son illərin ən uğursuz millisi gərək 7 min kilometr aralıda yaşayan azərbaycanlılara görə qələbə qazansın. Azərbaycandakı bəzi azarkeşləri özünüz kimi məsuliyyətsiz, vecsiz, məğlubiyyətə dözümlü etmisiniz, heç olmazsa, xaricdəki həmyerlilərmiz sevindirin. 

Oyundan öncə millimizin ulduzu Mahir Emreli nikbin göründü, baş məşqçi 70 yaşlı Fernando Santuş isə nağıl danışdı. Aşağı yaş qruplarından 4 komandanın gələcəyi yoxdur, kişinin oğlu 3 ilə Azərbaycanın AVRO-2028-ə çıxarmağı söz verib. Sən hələ gör, özün 2028-ə çatırsan? Səhv başa düşmə, can-ciyər, Portuqaliya Azərbaycandan çox uzaqdır, ora gedəndə gec qayıda bilərsən, birbaşa reis yoxdur axı. 

Qayıdaq bu günə, Stokholmda havanın temperaturu -6°. Qar hər an yağa bilər, qorxuram, normal havada oynaya bilməyən millimiz qarda nə edəcək? 

Yadıma düşdü, 11 kişi oyuna çıxacaq. Kişi hər bir çətinliyin öhdəsindən gələn, çıxılmaz vəziyyətdən çıxış yolu tapan insandır. 

Axşam "ay-ulduzlu" firmada elə Azərbaycan kişiləri meydana çıxacaq. Onların əzminə, bacarıqlarına şübhəm yoxdur, ancaq əzmkar mübarizə aparmalarına inamım azdır. Özünüz kimi, kişi kimi mübarizə aparın. İsveç qrupda liderliyini təmin edib, axşam oyuna ikinci heyətlə çıxacaq. Oynayın, 90 dəqiqə qələbə üçün hər şeyi edin, ML mövsümü başlayandan heç bir oyun can qoymamısınız, bu gün qalib olun. D Liqasına düşməyin, C-də qalmaq üçün qalib olun. 

Sizə inanıram.

11 nəfər futbolçu yığışıb, 1 qolu vura bilməyəcək indi?

Ağa Dadaşzadə 
News24.az


Chosen
36
news24.az

1Sources